Qənirə Paşayevadan şəhid ailələrinə ziyarət – “Yanınızdayıq”

Qənirə Paşayeva bir sıra kəndlərdə seçicilərlə görüşüb, şəhid ailələrini ziyarət edib və hər zaman “yanınızdayıq” deyib.

Yenicag.az xəbər verir ki, Qənirə Paşayeva 105 saylı seçki dairəsinə daxil olan bir sıra kəndlərdə şəhid ailələri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. “Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır” deyən Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” deyib və şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı bildirib.

Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan Q.Paşayeva cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə çox gözəl örnək olmasını xüsusi vurğulayıb. Q.Paşayeva bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Q.Paşayeva hər bir şəhid ailəsi ilə ayrılıqda da görüşüb, onların qayğılarını dinləyib, onları maraqlandıran, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və hər zaman yanınızdayıq deyib. O, Tovuzda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, böyüyən gənc nəsillərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması istiqamətində görülən işlər və nəzərdə tutulan lahiyələr barədə də danışıb. Q.Paşayeva deyib ki, qəhrəman şəhidlərimizi gənc nəsilərimizə daha yaxından tanıdılması istiqamətində işlər daha da sürətlənəcək.

Görüş zamanı şəhid ailələri Qənirə Paşayevanın hər zaman Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək bildiriblər ki, o, bu 14 il ərzində onların bir ailə üzvü kimi hər zaman yanlarında olub və əlindən gələn dəstəyi əsirgəməyib. “Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayıq”, deyən şəhid ailələri Qənirə Paşayevaya təkrar dəstək və etimad göstərəcəklərini deyiblər. Q.Paşayeva şəhid ailələrinin dəstəyinin onun üçün mənəvi olaraq ən böyük dəstək olduğunu bildirib və hər zaman olduğu kimi, bu seçkilərdə də ona dəstək və etimad göstərən bütün şəhid ailələrinə təşəkkür edib.

Q.Paşayeva eyni zamanda 105 saylı Tovuz Seçki Dairəsinə daxil olan bir sıra kəndləri də ziyarət edib, sakinlərlə görüşüb. Onlarla qarşıdan gələn seçkilərlə bağlı söhbətlərlə yanaşı sakinlərin qayğı və problemlərini də dinləyib, onların həlli istiqamətində müvafiq qurumlara müraciətlər edəcəyini deyib. Sakinləri seçkilərdə fəal olmağa çağıran Qənirə Paşayevaya görüşdüyü seçicilər sizə dəstək və etimadımız davam edəcək deyiblər.