Qənirə Paşayevanın səhhəti ilə bağlı AÇIQLAMA – YENİLƏNDİ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan bildirilib ki, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

“Aparılan kompleks müalicəyə baxmayaraq, ümumi vəziyyəti ağır olaraq qalır”, – deyə klinikadan qeyd olunub.

Xatırladaq ki, sentyabrın 24-də saat 3 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri – arterial təzyiq 50/0 mm civə sütunu, nəbzi bir dəqiqədə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm civə sütunu, nəbzi bir dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.

***

10:26

Millət vəkili Qənirə Paşayevanın müalicəsi davam etdirilir.

Yenicag.az xəbər verir ki, bu barədə millət vəkilinin yaxınları deyib.

Qeyd edilib ki, Q.Paşayevanın vəziyyəti orta stabil olaraq qalır.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir./trend