Qərargah QALMAQALI: “Elşən Musayevi rəhmətlik atasına görə Ramiz Mehdiyev Milli Məclisə salmışdı” – Hafiz Hacıyev

“Sədrindən və onun “papka”sından ibarət olan partiyalara niyə qərargah verilməlidir?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlət tərəfindən 6 siyasi partiyaya – Ana Vətən (AVP), Milli Dirçəliş Hərəkatı (MDHP), AĞ Partiya, Milli İstiqlal (AMİP), Milli Cəbhə (AMCP) və Demokratik Maarifçilik (ADMP) partiyalarına qərargah verilməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, qərargahla təmin olunan partiyaların siyahısına nəzər saldıqda, ciddi suallar yaranır:

“Bizə də məlum deyil ki, qərargah verilən partiyalar hansı prinsiplə seçiliblər. Bəli, o partiyaların arasında strukturları və real fəaliyyəti olan təşkilatlar var.

Ancaq o Elşən Musayevin partiyası hansı fəaliyyətlə diqqəti cəlb edib ki, ona qərargah verilir? Mən onun rəhməttik atasını tanıyırdım, yaxşı insan idi. O rəhmətə gedəndən sonra partiya Elşən Musayevə keçib.

Açıq deyirəm, Elşən Musayevi rəhmətlik atasına görə Ramiz Mehdiyev Milli Məclisə salmışdı. Partiyasında özündən başqa kim var ki? Sədrindən və onun “papka”sından ibarət olan partiyalara niyə qərargah verilməlidir? Nə siyasətçi, nə də deputat kimi domino-şahmat oynamaqdan başqa işləri yoxdur.

Vətən Müharibəsi təzə yekunlaşdığı üçün bu barədə geniş danışmaq istəmirəm. Ancaq düşünürəm ki, real fəaliyyəti olan siyasi partiyalar da qərargahla təmin edilib, icarə əziyyətindən xilas olacaqlar”.

Bu məsələni Yenicag.az-a dəyərləndirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu siyasi təşkilatların qərargahla təmin olunmasını müsbət qiymətləndirib:

“Təqribən bir il əvvəl bu barədə düşünmək də olmazdı. Ancaq indi dövlət bir sıra partiyalara normal fəaliyyət göstərmək üçün qərargah verib. Əlbəttə ki, müsbət haldır. Burada əsas məsələ oldur ki, hökumət partiyalara qərargah verilməsindən onları susdurmaq üçün istifadə etməsin”.

Aqil Bəkir