Qərb “azadlığı”nın fiaskosu və yaxud geosiyasi “qaynayan qazan” – Rəfi Müslümov yazır

Müasir qlobal dünya nizamı aktiv dəyişiklik mərhələsindədir, əvvəlki balans pozulub və beynəlxalq münasibətlərdə ciddi hərəkətlilik müşahidə olunur. Bu proseslər isə yeni geosiyasi reallıqların formalaşmasına səbəb olur.

Dünya arenasında çoxqütblü sistemin qurulması prosesi davam edir. ABŞ, Çin, Rusiya və Avropa İttifaqı (Aİ) arasında rəqabət yeni mərhələyə keçib. Əvvəllər Qərb bloku ABŞ-nin liderliyi altında vahid mövqe sərgiləyirdisə, hazırda bu birlik parçalanmaqdadır. Xüsusilə Donald Trampın prezident seçilməsindən sonra Vaşinqton Avropadan ciddi şəkildə uzaqlaşmağa başlayıb. ABŞ açıq şəkildə bəyan edir ki, Avropanın müdafiə və təhlükəsizliyinin təmin olunması yükünü daşımaq niyyətində deyil və Avropa ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görməlidir.

Bu səbəbdən, Avropa ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır və bu məqsədlə maliyyə mənbələrinin cəlb olunması istiqamətində müzakirələr aparılır. Ümumi Avropa müdafiə sisteminin yaradılması məsələsi də gündəmdədir. Bu kontekstdə Fransa özünü Avropanın təhlükəsizliyinin əsas təminatçısı kimi görmək istəyir. Paris artıq bəyan edib ki, Fransa nüvə arsenalını digər Avropa ölkələrinin müdafiəsi üçün də istifadə etməyə hazırdır. Mətbuatda yayılan məlumatlara görə, Fransa ABŞ-nin Avropadakı qoşunlarını çıxaracağı halda Almaniyada nüvə başlıqları daşıya bilən döyüş təyyarələri yerləşdirə bilər. Almaniya da geri qalmaq niyyətində deyil və sənaye potensialını təhlükəsizlik sektorunun tələblərinə uyğunlaşdırmağa çalışır.

Bununla belə, Avropa ciddi çətinliklərlə üzləşəcək, çünki onilliklər boyu “qoca qitə” ABŞ-nin hərbi sənaye kompleksinə əsaslanıb və onun özünün müstəqil müdafiə sistemini yaratmaq illər tələb edəcək. Digər tərəfdən, Avropanın daxilində də parçalanma müşahidə olunur. Məsələn, Böyük Britaniya “Brexit”dən sonra ABŞ ilə daha sıx əlaqələr qurmağa üstünlük verir. Bu fonda Paris və London arasında fikir ayrılıqları dərinləşir. Eyni zamanda, Şərqi Avropanın bəzi ölkələri, xüsusilə Slovakiya və Macarıstan Rusiya ilə yaxın münasibətlərə üstünlük verirlər və onun resurslarından geniş istifadə etməyə çalışırlar. Bu səbəbdən, həmin ölkələr Aİ-nin Ukraynaya maliyyə yardımı ayırmasına mütəmadi mane olurlar. Aİ daxilində birliyin nə qədər davam edəcəyi sual altındadır. Ekspertlərin fikrincə, bu proses Aİ-nin fəaliyyət mexanizmlərində ciddi dəyişikliklərə səbəb ola bilər.

ABŞ və Avropa arasında fikir ayrılıqları Ukrayna məsələsində də özünü göstərir. Tramp seçkiqabağı verdiyi vədi yerinə yetirmək üçün münaqişəni tez bir zamanda dayandırmağa çalışır və həm Ukraynaya, həm də Rusiyaya təzyiqlər edir. Vaşinqton hətta elə bir həll variantına razıdır ki, bu, Rusiyanın müəyyən əraziləri nəzarətində saxlamasını nəzərdə tutur. Lakin Avropa daha sərt mövqe tutur, çünki bu ssenari Aİ-nin təhlükəsizliyini daha da zəiflədə bilər. Bu səbəbdən Aİ Ukrayna müharibəsinin uzadılmasını məqsədəuyğun sayır, çünki bu, Rusiyanı zəiflətmək üçün bir fürsət yaradır. Lakin Avropa ABŞ qədər Ukraynaya hərbi yardım göstərə bilmir.

Bundan əlavə, ABŞ Ukrayna ilə bağlı Rusiya ilə ayrıca danışıqlar aparır və əldə olunan nəticələr barədə yalnız sonradan Kiyevi məlumatlandırır. Avropa bu prosesdən kənarda qalmaqdan narahatdır və bu səbəbdən Vaşinqtonun hərəkətlərini qısqanclıqla izləyir. ABŞ və Aİ arasındakı fikir ayrılıqları digər sahələrə də təsir göstərir. İqtisadi münasibətlərdə də ayrılıq meylləri güclənir. Tramp administrasiyası Avropa mallarına yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Buna cavab olaraq, Aİ də ABŞ istehsalı olan məhsullara qarşı eyni addımı atacağını bəyan edib. Beləliklə, ABŞ və Avropa arasında yaranan fikir ayrılıqları qlobal dünya nizamının yenidən formalaşmasına səbəb olur. ABŞ Avropadan uzaqlaşdıqca, Avropa öz müdafiəsini gücləndirməyə və yeni geosiyasi reallıqlara uyğunlaşmağa məcbur qalır.