“Gürcüstanda baş verənlər, əslində, Qərblə Rusiyanın Cənubi Qafqaz uğurundakı savaşının tərkib hissəsidir”.
Bu sözləri Yenicag.az– açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O, “Xarici agentlər haqqında” qanun layihəsinin ilk iki oxunuşda qəbulundan sonra 1 aya yaxındır paytaxt Tbilisidə davam edən etiraz aksiyalarına münasibət bildirib.
Onun sözlərinə görə, Qərb İkinci Qarabağ müharibəsindən sonra regiona olan marağını və diqqətini xüsusilə artırıb ki, konkret şəkildə Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün ardıcıl addımlar atır.
“Ermənistanda baş verənləri, eləcə də bu gün Gürcüstanda cərəyan edən hadisələri görmüşük. Təbii ki, bununla bağlı Azərbaycana da müəyyən təzyiqlər olub. ABŞ Senatının sanksiyalarla bağlı məsələləri gündəmə gətirməsi, eləcə də ABŞ Dövlət Departamentinin ayrı-ayrı vaxtlarda verdiyi bəyanatlar və s. amillər onu göstərir ki, Azərbaycanla əlaqədar təzyiqlər olub”, – deyə o bildirib.
R. Bayramov əlavə edib ki, Azərbaycanda istədiklərinin böyük ölçüdə həyata keçirilməsinin mümkünsüzlüyünü görən Qərb dairələri indi əsas gücü Gürcüstan üzərinə fokuslayıb:
“Çünki bunun üçün Gürcüstanda real imkanlar və şərait var. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında 30 illik münaqişə dövründə bütün beynəlxalq təşkilatların Cənubi Qafqazdakı baş ofisləri sakit və münbit yer kimi məhz Tbilisidə yerləşdirilmişdi. Bu da ayrı-ayrı beynəlxalq qurumlar tərəfindən Gürcüstana külli miqdarda qrantların ayrılmasına gətirib çıxardı.
Belə olduqda, Gürcüstanda QHT formalaşdırılması hərəkatı başladı ki, nəticə etibarilə, minlərlə QHT tez bir zamanda qeydiyyatdan keçərək fəaliyyətə başladı”.
Mütəxəssisin qənaətinə görə, bu gün xaricdən qrant alan QHT-lərin Gürcüstandakı sayı 10 mini ötüb:
“Təsəvvür edək ki, belə olan halda, hər QHT-dən 2-3 nəfər küçəyə çıxsa, artıq bu, böyük bir izdiham əmələ gələcək. Qərb də bunu kifayət qədər yaxşı bildiyi üçün “Xarici agentlər haqqında” qanunu bir fürsət olaraq gördü. Əslində, “Xarici agentlər haqqında” qanun Avropada və ABŞ-nin özündə də var. Bu qanun, sadəcə olaraq, maliyyəsinin 20%-i xaricdən gələn təşkilatların ildə bir dəfə hesabat verməsini özündə ehtiva edir. Məsələn, Azərbaycanda da xaricdən maliyyələşən təşkilatların hesabat təqdim etməsi ilə bağlı qanunvericilikdə müvafiq maddələr var. Amma biz bunun adını “Xarici agentlər haqqında” qoymamışıq, sadəcə, qanunun məğzi, demək olar ki, eynidir”.
O, vurğulayıb ki, bunu bir bəhanə olaraq görən Qərb dairələri bu gün Gürcüstanda məhz bu istiqamətdə kütlənin – QHT-lərin ayağa qaldırılmasına nail olublar:
“Hətta bu yaxınlarda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Avropa İttifaqının təmsilçiləri arasında görüş keçirilib. Baş nazir qanundan irəli gələn müddəaları bir daha onların nəzərinə çatdırıb və əlavə edib ki, üçüncü oxunuşa qədər qanunu yenidən müzakirə etməyə hazırdırlar. Bu gün nə Gürcüstan, nə də Qərb ikitərəfli münasibətlərin kəskin şəkildə korlanmasında maraqlı deyil. Məsələn, vizaların ləğvi, Gürcüstanın Avropa İttifaqına yolunun bağlanması kimi təkliflərə Qərb dairələri getməyəcək. Çünki bunlara gedəcəkləri halda, Gürcüstanı özündən itələyib, Rusiyaya daha da yaxınlaşdıracaq. Sadəcə, baş verənlər təzyiq vasitəsi və Gürcüstandan nələrisə qoparmağa cəhddir. Mənə elə gəlir ki, Gürcüstan hakimiyyəti Qərb arasında yekunda ortaq məxrəcə gəlinəcək”.
Rafi Müslümov