Qərb İrəvan qarşısında TƏLƏBLƏR qoydu: “Bu, təkcə Paşinyanın siyasi iradəsi deyil”

“Ermənistan Zəngəzur dəhlizində Rusiyanın nəzarət mexanizmini istəmir”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıda səfərdə olarkən Zəngəzur dəhlizi ilə bağlı Ermənistana mesajını şərh edən politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Lavrovun bəyanatı, əslində, Rusiya prezidenti Vladimir Putinin diplomatik qaydada demək istədiyinin açılışı idi.

“Çünki Putin, Azərbaycan-Ermənistan arasında bütün problemlərin həlli yönündə Bakı hər vəchlə cəhd göstərir, dedi. Bu isə Azərbaycan sülh istəyirsə və müqavilə yoxdursa, əngəl törədən amillər mövcuddur deməkdir. Başqa amil təbii olaraq münaqişənin digər tərəfidir. Yəni Lavrov açıq şəkildə bunu tamamladı. Bildirdi ki, prosesi imza atmasına rəğmən sabotaj edən Ermənistan, yəni baş nazir Nikol Paşinyandır”, – deyə o qeyd edib.

N.Mirinin sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizində Rusiyanın nəzarət mexanizmini istəmir.

“Bu, sadəcə Paşinyanın siyasi iradəsi deyil. Onun qarşısında tələblər qoyan Qərb dünyası var. ABŞ Zəngəzur dəhlizində hansısa beynəlxalq təşkilat vasitəsilə təhlükəsizlik mexanizminin təmin olunmasında maraqlıdır. Məsələnin Azərbaycan üçün heç bir problemi yoxdur, çünki müvəqqəti xarakter daşıyır. Gələcək perspektivdə dəhliz açılarsa Azərbaycan və Ermənistan təhükəsizliyi birgə təmin edəcək.

Cənubi Qafqazda, xüsusilə Orta Dəhlizə ABŞ-nin nəzarət mexanizmini qəbul etməyən Rusiya, Ermənistan başda olmaqla Qərbə “biz də varıq” mesajını verdi. Ancaq Kreml bundan o tərəfə hansısa addım atacaq imkana malik deyil.

Doğrudur, iqtisadi rıçaqları var. Lakin hələlik Rusiya bunu istəmir. Əgər belə sanksiyalar tətbiq olunarsa artıq İrəvan-Kreml münasibətlərinin üzərindən tamamilə xətt çəkilmiş olacaq”, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı müddətcə Zəngəzur dəhlizinin reallaşmasından danışmaq olmaz.

“Eyni zamanda, Paşinyanın parlament seçkilərinə hazırlığı ilə bağlı fikirlər səslənir.

Əgər növbəti hökuməti yenidən Paşinyan qurarsa, Zəngəzur dəhlizinin açılması perspektivi daha yaxın olacaq. Yəni özünün siyasi köklərini dərinləşdirəndən, cəmiyyətdə bütün riskləri zərərsizləşdirəndən sonra bu yöndə siyasi qərar vermək o qədər də çətin olmayacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29