“Donald Tramp yenidən prezident seçilərsə, Rusiya-Ukrayna müharibəsində böyük dönüş yaranacaq”.
Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsində Qərb koalisiyasının mövqeyini və savaşın perspektivini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qərb dövlətləri arasında ziddiyyətlər həm Rusiya-Ukrayna savaşı, həm də İsrail-HƏMAS toqquşmasına münasibətdə özünü göstərir.
“Avropa İttifaqı bu müharibəyə yanaşmada öz maraqları çərçivəsində hərəkət edir. Rusiya-Ukrayna müharibəsi başlayanda, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson bəyanat vermişdi ki, Zelenski Britaniyaya gəlsin və işləmək üçün ona uyğun şərait yaradaq.
İkinci Dünya müharibəsi zamanı elə dövlətlər vardı ki, legitim hökumətləri ölkədən kənarda fəaliyyət göstərirdi. Yəni Ukraynaya da ona bənzər model təklif edirdilər. Açıq görünür ki, Qərb dövlətləri bu məsələdə yekdil fikirdə deyil. Onların arasındakı ziddiyyətlər həm Rusiya-Ukrayna savaşı, həm də İsrail-HƏMAS toqquşmasına münasibətdə özünü göstərir.
ABŞ Konqresində respublikaçılarla demokratlar İsraillə bağlı yekdil fikirdə olsalar da, onların Ukrayna ilə bağlı mövqeləri haçalanır. Bayden İsrail və Ukrayna ilə bağlı yardım paketi təqdim etsə də, respublikaçılar buna qarşı çıxdı.
ABŞ-da gələn ili keçiriləcək prezident seçkilərində Donald Trampın şanslarının artdığı nəzərə çarpır. O yenidən prezident seçilərsə, Rusiya-Ukrayna müharibəsində böyük dönüş yaranacaq. Bütün hallarda unutmayaq ki, Qərb hər addımını öz marağına uyğun atır.
Həmin Qərb indi də Ermənistan üzərindən eyni oyunu oynayır. Yəni Qərbin növbəti qurbanlığı Ermənistandır. Rusiya-Ukrayna müharibəsi ABŞ, Rusiya və Ukraynadan birində hakimiyyət dəyişikliyi baş verərsə, dayanacaq. Avropa İttifaqı dövlətləri bu məsələdə 4-cü dərəcəli rol oynayırlar və onların mövqeyi həlledici deyil.
Səxavət Məmməd