Qərb köhnə maşasını yenidən oda atır – Oqtay Qasımov yazır

Sentyabr 25-də İraqın şimalındakı Kürd muxtariyətinin lideri Məsud Bərzani müstəqillik referendumu keçirdi.

İraqa qonşu olan Türkiyə, İran kimi bölgənin əsas dövlətlərinin referenduma münasibətləri kəskin olduğu halda, beynəlxalq reaksiyalar kifayət qədər yumşaq tonda oldu.

İsrail referenduma açıq dəstək verdi, ABŞ, Rusiya, Avropa Birliyi və BMT isə “hələ zamanı deyil, problem danışıqlar yolu ilə həll edilsin” qəbilindən yanaşma sərgilədi.

ABŞ-ın “kürdlərlə tarixi əlaqələrimizin ruhuna uyğun olaraq işbirliyimiz davam edəcək”, Rusiyanın “Kürdlərin mübarizəsinə simpatiya duyuruq, boru kəmərlərindən neftin nəqlinin durdurulması yolverilməzdir” kimi Türkiyəyə mesaj xarakteri daşıyan bəyanatları əslində M.Bərzaninin referendum üçün xeyir-duanın hansı mərkəzlərdən aldığını aydın göstərir.

Bu güclərin bir çoxunun XIX əsrdən başlayaraq regiona yönəlik siyasətlərində kürdləri vasitəyə çevirmək ənənəsi var. Kürd kartından istifadə edərək önə çıxan dövlətlərin zaman sıralamasında yeri belədir: İngiltərə (19-cu əsrin sonu – 1940-cı illərə qədər), Rusiya (1940-50 və 1970-ci illərin sonunda PKK-nın yaradılması), ABŞ (1950-ci illərin sonundan günümüzə qədər) və İsrail (yarandığı gündən kürd faktoru siyasətində ön plandadır).

Günümüzdə dünyadakı problemlərə münasibətdə zidd mövqedə olan böyük güclərin kürd məsələsinə baxışında yaxınlıq var. Hazırda bu kartdan istifadə etməyə çalışan güclər bunlardır: ABŞ – İsrail – Rusiya – Avropa Birliyi. Təbii ki, onların hər biri öz marağının təmin olunmasına çalışır. Böyük dövlətlərin kürdlərə yönəlik siyasətinin aydın başa düşülməsi üçün tarixə qısa ekskurs etməkdə və maraqlarının nədən ibarət olduğunu bilməkdə fayda var.

XIX əsrdə dünyanın yenidən bölüşdürülməsi uğrunda amansız mübarizə aparan Rusiya və Avropanın imperialist dövlətlərinin siyasətinin əsas hədəflərindən biri Osmanlı dövlətini zəiflədərək parçalamaq və bölgəni öz nüfuz dairəsinə salmaq istəyi olub. Bu məqsədə çatmağın rahat yollarından biri də dövlətlərin daxildən zəiflədilməsidir. Belə məqamlarda ölkələrin daxilində müəyyən müttəfiqə ehtiyac yaranır və bu müttəfiqi qazanmaq üçün onun maraqlarına cavab verən bəzi addımlar atılır.

İmperialist dövlətlərin Orta Şərqdə diqqətini çəkib yararlanmaq istədiyi etnik qruplardan biri Osmanlı dövlətinin (bu günkü Türkiyə, Suriya, İraq əraziləri) və İranın sərt coğrafi şərtlərə malik dağlıq bölgələrində yaşayan kürdlər olub. Kürdləri tərəflərinə çəkərək uzun müddətə hesablanmış hədəflərinə çatmaq üçün atılan addımlarından biri XIX əsrin əvvəllərində onları dərindən öyrənmək məqsədilə Kürdologiya adı altında avropalı və rusiyalı tədqiqatçıların araşdırma (əslində kəşfiyyat) mərkəzləri yaradılıb. Osmanlıya qarşı vahid mövqedən çıxış edən həmin dövlətlərin hər biri öz siyasi marağını önə çəkərək getdikcə güclənən formada “Kürd problemi”ni gündəmə gətirməyə çalışıb.

Krim müharibəsində məğlub olub Bosfor boğazı vasitəsilə isti dənizlərə enmək ümidlərini 1856-cı il Paris andlaşması ilə itirən Rusiya Aralıq dənizinə çıxmaq üçün özünə yeni yol axtarmaq məcburiyətində qaldı. Axtarılan bu yol Qafqaz, Azərbaycan, Türkiyə, İran, Iraqdan keçərək Bəsrə körfəzinə uzanan xətti təşkil edirdi. Həmin yolun üzərindəki ərazilərdə əsasən kürdlər çoxluqda yaşadığından onları araşdırmaq məqsədilə Minorsky, Nikitin, Jaba kimi alimlər işə cəlb olundular. Onlar tədqiqatçı-alimdən daha çox Rusiyanın Urmiya və Ərzurum konsulları kimi olaraq tanınırdılar.

Rusların kürdlərə olan bu marağı eyni şəkildə Avropanın böyük dövlətlərinə də aiddir. Onlar arasında dünyanın bölüşdürülməsi mübarizəsinin Orta və Yaxın Şərqə yönəlməsilə avropalılar bölgənin etnik quruluşunu incəliklərinə qədər öyrənməyə başladılar. Bölgədə böyük mədəniyətlər yaradan türk, ərəb və fars toplumlarından kənar nəzarətlərində saxlaya biləcəkləri yeni müittəfiqlər axtarışına çıxdılar. Bu vəzifəni həyata keçirmək üçün çoxsayda araşdırmaçı-alim-kəşfiyyatçı prosesə cəlb edildi. Axtarılan müttəfiq kürdlər idi.

“Alimlər”in əsas vəzifələrindən biri kürdləri Osmanlı dövlətinə qarşı qaldırmaq üçün onların milli duyğularından sui-istifadə etmək idi. Aparılan təbliğatın əsas tezislərindən biri yaşadıqları ərazinin “Kürdüstan” adlandırılması və gələcəkdə burada eyni adlı dövlətin qurulması yönündə idi. Gerçək tarixdə isə həmin bölgədə kürdlərin hakimiyyəti olmamış, “Kürdistan” termini ilk dəfə 12 əsrdə Səlçuqlu hökmdarı Sultan Səncər zamanında coğrafi ad olaraq işlədilmişdi. Bu ərazi hələ eramızdan əvvəlki yüzilliklərdə türkləşmə prosesi yaşamış, proses XI əsrdən etibarən Oğuz boylarının yeni və böyük bir köç dalgası ilə məntiqi sonluğa çatmışdı.

İmperalist dövlətlərin, xüsusilə İngiltərənin bölgədə aktiv fəaliyətləri zamanla bəzi nəticələr vermişdi. Belə ki, XIX əsrdə Osmanlı dövlətinə qarşı bəzi kürd əşirətlərinin üsyanları baş verdi. Bunlardan Bedirhan (1842-1847), Ubeydullah (1880-1882) kimi üsyanlar diqqətçəkicidir. Bu üsyanlar ilk etapda imperialist dövlətlərin dəstəyini alsa da, sonradan bu dəstək kəsildiyindən məğlub olmuşdu. Ubeydullah üsyanına Rusiya və İngiltərə tərəfindən himayə edilən ermənilər və suryanilər də qatılmış, bir müddət sonra bu dövlətlər Osmanlıdan istədikləri güzəşti alıb, onları kənara çəkmişdilər. Əsrin sonuna doğru Osmanlı dövlətinin parçalanmasını əsas məqsədinə çevirən İngiltərənin burada yaşayan xristian azlıqlarla bərabər, ərəblərə və kürd əşirətlərinə yönəlik siyasəti daha sistemli xarakter almağa başlayır. 1916-cı ildə İngiltərə və Fransanın xarici işlər nazirləri Sayks-Picot tərəfindən hazırlanıb gizli tutulan planda Osmanlının parçalanması qərarlaşdırılmış, yerində isə tarixi kökü olmayan süni dövlətlərin yaradılması nəzərdə tutulmuş, sərhədləri müəyyənləşmişdi. Birinci dünya savaşında Antantaya daxil olan ölkələr, xüsusilə İngiltərə Osmanlının əleyhinə daxildəki xristian azlıqlarla bərabər, müsəlman ərəblər və bəzi kürd əşirətlərini maddi yardım, dövlətqurma vədləri ilə öz tərəfinə çəkərək onların gücündən geniş şəkildə istifadə etmişdi. Burada Laurens və onun kimi yerli xalqların dilini, mədəniyətini, adət-ənənələrini dərindən bilən casusların fəaliyəti xüsusi qeyd olunmalıdır. İngiltərə bölgədə yaratdığı bu casus şəbəkəsinə bağlı qüvvələrdən sonralar da geniş şəkildə istifadə edəcəkdi.

1918-ci 30 oktyabrında İngiltərə ilə bağlanan Mondros müqaviləsi Osmanlı dövlətinin sonunu yaxınlaşdırdı. O zaman Suriya cəbhəsində 7-ci ordunun komandanı olan Mustafa Kamal müqavilənin 7-ci maddəsinə qarşı çıxaraq İstanbula göndərdiyi gizli teleqraflarda hökuməti gələcəkdə ciddi problemlər yaradacaq bu maddəni qəbul etməməyə çağırırdı. Bu maddəyə görə Osmanlı ordusunun nəzarətindəki bölgələrdə “narahatlıq” baş verdiyi hallarda ingilislərə həmin ərazini işğal hüququ verilirdi. İrəliləyən zamanlarda Mosul ətrafında baş verənlər Atatürkün haqlı olduğunu göstərdi. İmzalanma anında tərəflərin nəzarətində olan bölgələr müqaviləyə görə onların əraziləri hesab edilirdi. Mosul şəhəri Osmanlı ordusunun nəzarətində olduğundan onun ərazisi sayılırdı. Müqavilə imzalandıqdan sonra İngilis kəşfiyatı baş nazir Lloyd Corca “Mosul və ətrafında zəngin neft ehtiyatlarını bu müqavilə ilə əlimizdən çıxardıq. Mosul bizim olsa, ingilis donanması Amerika neftindən asılılıqdan qurtarıb zərbə gücünü dörd dəfə artırar” məlumatını verdi. Baş nazir tərəddüd etmədən “Mosulu işğal” əmrini verir və 8 noyabrda İngiltərə müqavilənin şərtini pozaraq zəngin neft ehtiyatlarına malik olan Mosulu işğal edir. Həmin vaxt şəhəri Ali İhsan paşanın komandanı olduğu 6-cı ordu müdafiə edirdi. İngilislərin niyyəti haqda İstanbula məlumat verən komandana verilən cavab şaşırdıcı olur: “İngilislərə qarşı silahla dirənilməsin. Əgər ingilislər açıq hücuma başlayarsa, etiraz (protest) edilsin”!

Bölgənin tək hakimi olmaq istəyən İngiltərə bəzən müttəfiqi Fransanın maraqlarını da gözardı edə bilirdi (aralarındakı razılaşmaya görə Suriya Fransanın himayəsinə verilirdi). Zəngin təbii ehtiyatlara malik strateji bölgəni ələ keçirməkdə qərarlı olan İngiltərənin təzyiqi qarşısında dayana bilməyən Osmanlı hökuməti 10 avqust 1920-də alçaldıcı Sevr müqaviləsini imzaladı. Sənədə əsasən Osmanlı dövləti böyük dövlətlərin himayəsində olan kiçik etnik dövlətlərə parçalanırdı. Bu razılaşma Osmanlı dövlətinin sonu olmaqla bərabər, türklərin İç Anadoluda kiçik əraziyə sıxışdırılıb gələcəkdə “oradan da qovulmasına” imkan yaradacaq bir sənəddir. Bu, İngiltərənın baş naziri olmuş L.Corcun fikridir.

Alçaldıcı şərtlərlə bağlanan Sevr müqaviləsi Anadoluda qurtuluş mübarizəsinə başlayan Atatürk və türk milləti tərəfindən rədd edildi. Osmanlının sonunu hazırlayıb İstanbulu işğal altında tutan, Türklərə xüsusi nifrət bəsləyən İngiltərə baş naziri L. Corc Mustafa Kamalın Anadoluda başlatdığı qurtuluş savaşını boğmaq üçün bütün imkanları səfərbər etdi. Yunanların timsalında xarici işğalçılarla bərabər daxildə ingilislərlə işbirliyində olan qüvvələr də səhnəyə çıxarıldı. İngiltərənin birbaşa dəstəyi ilə başlanan Ələvi kürd əşirətlərin Koçgiri üsyanı (mart 1918- iyun 1921-ci il) ciddi təhdid yaratsa da Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Atatürkün yenidən qurduğu türk ordusu tərəfindən yatırıldı.

Anadoluda xalqın real təmsilçisi olaraq Atatürkün rəhbərlik etdiyi hökumətin legitimliyini tanıyan ixtilaf dövlətləri Türkiyəni 28 oktyabr 1922-ci ildə başlanan Lozanna sülh konfransına dəvət edirlər. Çox gərgin şəraitdə aparılan, bəzən dayandırılan müzakirələrin nəticəsində 23 iyul 1923-də Lozanna anlaşması imzalanır. Bu müqavilə ilə Türkiyənin Suriya və İraqla sərhədləri müəyyənləşir. Mosul məsələsində razılıq əldə olunmadığı üçün problemin müzakirəsi Türkiyə və İngiltərənin öhdəsinə buraxılır. Mosul məsələsində İngiltərənin bütün təzyiqlərinə ciddi dirənib, güzəştə getməyən Türkiyə bu problemi Millətlər Cəmiyyətinin müzakirəsinə çıxarır. Türkiyəni zəiflətmək üçün İngiltərə yenədən daxildəki agentura şəbəkəsini işə salır. İngiltərə baş naziri Lloyd Corc 19 may 1920-ci ildə San-Remo konfransındakı çıxışında deyib: “Kürdlər arxalarında böyük bir dövlət olmadıqca varlıqlarını sürdürə bilməz. Türk hakimiyətinə alışmış kürdlərin hamısına yeni bir qoruyucu qəbul etdirilməsi çətin olacaqdır. İngilis maraqlarını, dağlıq kəsimlərində kürdlərin yaşadığı Mosul və içində olduğu Güney Kürdistan ilgiləndirir (oxu: zəngin neft ehtiyatları). Mosul bölgəsinin, digər bölümlərdən ayrılaraq yeni bağımsız bir Kürdistan dövlətinə bağlana biləcəyi düşünülməkdədir. Ancaq bu məsələni anlaşma yoluyla çözmək çox çətin olacaq”. Önəmli strateji və coğrafi əhəmiyyətə malik Mosulun zəngin neft ehtiyatlarına nəzarət İngiltərənin əsas hədəfi idi.

Hədəfinə çatmaq üçün İngiltərə bütün variantları işə saldı.1924-cü ilin 7 avqustunda İngiltərənin birbaşa maliyyə və silah yardımı ilə Nəsturi üsyanı başladı. Xristian nəsturilər I dünya müharibəsində rusların tərəfinə keçərək onlarla birlikdə Osmanlı ordusuna qarşı döyüşmüşdülər. Xəyanətin qarşılığı veriləndə İrana qaçaraq bir müddət orada qalmış, sonra Hakkari bölgəsinə dönüb 1924-cü ilə qədər burada yaşamışlar. İngilislər nəsturilərdən istifadə edərək kürdlər arasında təbliğat aparıb onları da aldada bilmişdi. Türk hökuməti üsyanı Millətlər Cəmiyətində Mosul məsələsinin müzakirəsinə qədər yatırmaq istəyirdi. İngilislər nəsturilərə “bir neçə gün dayanacaqları halda yardıma gələcəklərini, diğər dövlətlərin də müdaxiləsi ilə məsələnin həll olunacağını” deyərək planladıqları üsyanı mümkün qədər uzatmağa çalışırdılar. İngiltərənin dəstəklədiyi üsyan 2 oktyabr 1924-də yatırıldı. Birinci dünya müharibəsində rusların tərəfinə keçməklə türklərə xəyanət edib İrana qaçan nəsturilər, bu dəfə ingilislərin idarəçiliyində olan İraqa qaçdılar. Bu, Mosul probleminin Millətlər Cəmiyətindəki müzakirələrində Türkiyənin əlini zəiflətmək üçün başladılan ingilis dəstəkli ilk üsyandır.

Ardınca Şeyx Səid üsyanına qədər 1925-ci ildə Siirt, Şəmdinli, Sason və Silvan bölgələrində yaşayan kürdlərin kiçik miqyaslı Raçkotan ve Raman üsyanları baş verdi. 13 fevral 1925-ci ildə İngilislərin dəstəklədiyi növbəti, Mosulun taleyinə birbaşa təsir edən xəyanət-üsyan başladı. Üsyanın başında ingilis agenti Şeyx Səid dayanırdı. Üsyana səbəb Cumhuriyyət hökumətinin şəriət qaydalarına əməl etməməsi, dinə hörmətsiz münasibəti və s. kimi bəhanələr idi. Diyarbəkirdə başlanan və bəzi əşirətlərin də qatılması ilə 15 min nəfərlik silahlı gücü özündə birləşdirən üsyan Türkiyə Cumhuriyyətinə çətin anlar yaşatsa da, 15 aprel 1925-ci ildə yatırıldı. Amma nəticəsi çox ağır oldu. Şeyx Səid üsyanı başlatmaqla Türkiyəni Millətlər Cəmiyyətindəki müzakirələrdə zəif duruma düşürməklə bərabər, Atatürkün bu müzakirələrə qədər Mosulu azad etmək planını boşa çıxarmışdı. Belə ki, müzakirələrdən əvvəl Mosulu azad etmək üçün hazırlanmış ordunun əsas hissəsi (50 minlik hərbi qüvvə) Şeyx Səid üsyanının yatırılmasına yönəldilmiş və yaranmış imkan əldən çıxmışdı. Nəticədə Mosul məsələsinin Millətlər Cəmiyyətindəki müzakirələrində Türkiyənin mövqeləri zəiflədi və vilayət İngiltərənin himayəsindəki İraqa verildi. 1926-cı ildə bağlanan Ankara müqaviləsi ilə Mosulun İraqda qalması təsdiqlənir. Yaxın Şərqin zəngin neft ehtiyatlarını nəzarətdə saxlayıb, 30-cu illərə qədər Türkiyəyə qarşı kürd etirazlarını dəstəkləyib öz planlarını həyata keçirən İngiltərə onlara verdiyi vədləri yerinə yetirmədi. Əksinə, dəfələrlə nüfuz dairəsində saxladığı İraqda İngiltərənin mənafelərinə toxunulduğu zaman kürdlərə qarşı sərt tədbirlər gördü. 1922-ci ildə Mahmud Berzenci üsyanı, 1931-ci ildə Bərzanilərin qatıldığı kürd əşirətlərinin üsyanı, 50-ci illərin sonundakı kürd üsyanlarını İngiltərə İraq hökuməti ilə birlikdə sərt şəkildə yatırmışdı. 1931-ci il Bərzanilərin başında durduğu üsyan zamanı ingilis təyyarələri 79 kəndi bombalayaraq 2382 evdən 1365-ni tamamilə dağıtmışdı. “Müstəqil bir Kürdüstan xəyalıyla İngiltərənin siyasətini uzun zaman kor-koranə şəkildə dəstəkləyən kürdlər indi xəyal qırıqlığı içindədir” (Qaynaq: “Ömer Özkaya, “Amerikan istihbarat belgelerinde kürtler”).

İraqda baş verən bu üsyanların mərkəzindəki əşirətlərin önündə Bərzanilər gəlir. Bərzanilərin İraqdakı üsyanları İngiltərənin bölgədəki maraqlarına toxunduğu üçün özlərinə güclü himayədar tapmaq məqsədilə onlar İrandakı kürdlərin vasitəsilə Rusiya ilə əlaqə qurmağa çalışırlar. Hələ 1909-cu ildə başladıqları üsyan 1913-cü ildə yatırıldığında Bərzanilərin lideri Şeyx II Abdüssalam İrana qaçıb oradakı kürd liderlərindən İsmayıl ağa Simko ilə birlikdə Xoy və Tiflisə səfər edərək rus generalları ilə əlaqələr qurur. 1930- cu illərdə Bərzani əşirəti bir neçə dəfə İraqa qarşı silahlı çıxışlar edib məğlub olur. İngiltərə və İraqın təqiblərindən qaçan əşirətin liderlərindən Molla Mustafa Bərzani 1943-cü ildə İrana sığınır. II dünya müharibəsində İranın şimalını işğal edən Ruslar müttəfiqi İngiltərənin maraqlarını nəzərə almayıb Mustafa Bərzaninin Mirava kəndində gizlənməsinə şərait yaradır, 1946-cı ilin yanvarında qurduqları Mahabad dövlətinin ordu komandanı təyin edirlər. 11 ay sonra Mahabad dövləti ABŞ və İngiltərənin dəstəklədiyi İran tərəfindən süquta uğradılır və Mustafa Bərzani öz tərəfdarları ilə SSRİ-yə qaçır. 1946-1958-ci illərdə SSRİ-də yaşayan Bərzani və tərəfdarları dövlət himayəsinə alınır, onlara təlimlər verilir. SSRİ-də ilk dövrlər sıxıntı çəkdiklərinə görə ABŞ-dan sığınacaq istəyən Bərzaniyə rədd cavabı verilir. 1958-də İraqda İngiltərə yönümlü hökumətə qarşı çevriliş baş verir. Bundan sonra SSRİ rəhbərliyi Mustafa Bərzaninin İraq kürdlərinin lideri kimi Şərqi Avropanın kommunist dövlət rəhbərləri ilə görüşlərini təşkil edərək ölkəsinə dönməsinə yardım edir. Yeni qurulan İraq hökuməti SSRİ ilə yaxınlaşma xətti tutduğundan rusların dəstəyini itirən Bərzani ABŞ və İsraillə əlaqələr qurmağa nail olur. ABŞ-ın razılığı ilə İraqla problemləri olan İran da kürdlərə ciddi maliyyə dəstəyi verməyə başlayır. Özlərinin təhlükəsizlik təminatı üçün 1965-ci ildə Bərzanilər ciddi dəstək aldıqları ABŞ-a müraciət edərək bir ştat kimi onlara birləşmək istəyirlər: “Şəmsəddin Müfti və Məsud Bərzani, özlərinin ABŞ-ın bir başqa əyaləti olaraq görülməsini istədiklərini ifadə etdi”. Bu vacib qeydi Ömer Özkaya “Amerikan istihbarat belgelerinde kürtler” adlı kitabında açıqlayır. Belə bir ciddi dəstəyi alan Mustafa Bərzani İraq hökumətinin verdiyi vədləri yerinə yetirmədiyini əsas tutaraq 1961-ci ildə üsyana başlayaraq İraqın şimalını nəzarət altına alır. Amerika kəşfiyatının bu məlumatları Mustafa Bərzaniyə verilən dəstəyin miqyasını aydın göstərir: “1960-cı illərin ortasından bəri İran, İsrailin kürd üsyancılara yardımına dəstək verdi. İsrail, bu qruplara maliyə və maddi dəstək verdi; İraq Kürdistanında və İrandakı düşərgələrdə kürd əşirət üzvlərinin təlimi üçün hərbi və kəşfiyat mütəxəssis-təlimatçılar göndərdi. İsraildə az sayda kürdə təlim verildi. Bu dəstəyin mümkün olmasını təmin edən isə İranın maddi yardımlarıydı. Bu yardım olmasaydı Təl-Əvivin kürdlərə yardıma davam etməsinə çox ehtimal verilmirdi.

60-cı illərdə İraqın kürdlər yaşayan şimal hissəsi İsrail kəşfiyatı “Mossad”ın ən güclü mərkəzlərindən biri halına gətirilir. Bölgədə İraqı zəiflətmək üçün İsrail kürdlərin mərkəzi hakimiyətlə münaqişəsinin gərgin qalmasında maraqlı idi. “İsrail Şimali İraqda düşmənçiliyin yenidən başlaması için ciddi səy göstərirdi və kürdlərə raket və yüngül silahlar tədarükü sözü verdilər. İdris Bərzani (Mustafa Bərzaninin böyük oğlu və varisi) isə zirehli texnika xahiş etdi. İsraillilər eynı zamanda bu tip ləvazimatı təmin etməyə də söz verdilər”.

1971-ci ilə qədər davam edən üsyan İraqın vitse- prezidenti Səddam Hüseyn və Mustafa Bərzani arasında kürdlərə muxtariyət verilməsini əks etdirən anlaşma ilə sona çatır. Lakin müqavilənin ömrü az olur. Səddam Hüseyn hakimiyyəti ələ keçirdikdən sonra 1975-ci ildə İranla anlaşılmazlıqlara son qoyan “Əlcəzair müqaviləsi”ni imzalayır. Bu müqavilə ilə İraqdan istədiyini alan İranla birlikdə ABŞ da kürdlərə dəstəyini kəsir. Yalnız qalan İsrailin dəstəyi isə yetərli olmur. Yaranmış şərait Səddam Hüseynə kürdlərə qarşı sərt tədbirlər görüb muxtariyyəti ləğv etməyə imkan verir. Müttəfiqləri tərəfindən yalnız buraxılan Mustafa Bərzani yenidən İrana qaçmağa məcbur olur. 1979-cu ildə müalicə üçün getdiyi Amerikada rəsmilərin etinasız münasibətindən dərin məyusluq yaşayır və orada vəfat edir.

ABŞ dəstəyini kəsdiyi kürdləri bir də 16 il sonra- Səddam Hüseynə qarşı başladığı I körfəz müharibəsində yada salır. Onlardan istifadə edərək Səddam Hüseynə qarşı üsyan başladır. Üsyana başlayan Məsud Bərzani və Cəlal Tələbani qüvvələri Səddamın ordusunun sərt zərbələrinə məruz qalaraq dağılır. Məğlub olan kürdlər ölkədən qaçmağa başlayır. Yalnız Türkiyəyə sığınanların sayı 1 milyonu keçir. Kürdləri Səddamın qəzəbindən qorumaq üçün ABŞ-ın tələbi və BMT-nin qərarı ilə İraq ərazisinin 36-cı paraleldən şimal hissəsi Bərzani və Tələbaninin nəzarətinə verilərək təhlükəsizlik zonası yaradılır, uçuşa yasaq bölgə elan edilir.

1970-ci illərin sonunda “soyuq müharibə”nin kəskinləşdiyi dövrdə SSRİ region ölkələrində fəaliyyət göstərn kürd qruplarını öz tərəfinə çəkməyə və ya kommunist ideologiyasına əsaslanan yeni təşkilatlar qurmağa başlayır. Bunların içərisində Abdulla Öcalanın rəhbəri olduğu, mərkəzi Suriyada yerləşən Kürdüstan Fəhlə Partiyası (PKK) daha çox önə çıxır. 1984-cü ildən Türkiyə ərazisində terror fəaliyyətinə başlayan PKK-ya münasibət 1990-cı illərin ortalarından etibarən dəyişməyə başlayır. “Soyuq müharibə” zamanı müxtəlif səngərlərdə duran ölkələrin PKK-ya münasibətlərindəki fərq aradan götürülür. ABŞ və Avropanın Almaniya da daxil olmaqla bir çox ölkələri – NATO üzvü olan müttəfiqləri Türkiyəyə təzyiq mexanizmi kimi istifadə etdikləri PKK-nın ölkələrindəki fəaliyyətinə göz yumurlar. Regionda marağını təmin etmək üçün dövlətlərin hər biri öz siyasətlərini həyata keçirərkən kürdlərdən istifadə etməyə çalışır. Dövlətlərin maraqlarını qısa olaraq belə xarakterizə etmək olar:

ABŞ 50-ci illərə qədər kürdlərə ciddi maraq göstərməmiş, onların lideri Mustafa Bərzaninin sığınacaq xahişini rədd etmişdi. 1958-ci ildə İraqda İngiltərə yönümlü hökumət devrildikdən sonra yeni hökumətin SSRİ ilə əlaqələrindən narahat olan Amerika ölkədəki kürd qrupları ilə yaxından maraqlanır və Mustafa Bərzaniyə dəstək verməyə başlayır. Amerika ilə birlikdə bölgədəki yaxın müttəfiqləri İran və İsrail də kürdlərə aktiv dəstək verir. Kürdlər İsraildən silah-sursat, hərbi və kəşfiyyat təlimatçı-mütəxəssislər, İrandan isə maliyyə dəstəyi alırlar. “Soyuq müharibə”nin gərginləşdiyi zamanlarda Amerikanın Yaxın və Orta Şərqə yönəlik siyasətinin əsasında özünə yaxın rejimləri kommunist ideologiyasının təsirlərindən qorumaq, SSRİ ilə yaxın əlaqələrə malik Suriya, İraq və s. kimi ərəb dövlətlərinə kürdlərin vasitəsilə təzyiq göstərərək zəiflətmək dururdu. Bu baxımdan 1961-ci ildən Mustafa Bərzaninin başçılığı İraqda başlayan kürd üsyanı ABŞ və müttəfiqlərinin dəstəyi ilə 1971-ci ildə İraq hökumətini müəyyən güzəştlərə məcbur etdi. Zamanla Amerikanın bölgədəki maraqlarında və kürdlərə münasibətində dəyişikliklər baş verdi. Əgər 1960-70-ci illərdə kürdlərə yönəlik siyasətin əsasında Moskvapərəsət İraq və Suriyanı zəiflətmək dururdusa, hazırda bu marağın əsasında aşağıdakılar durur:

a) Müsəlman-ərəb dünyasının əhatəsində olan ən yaxın müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi, bölgədə onun müttəfiqlərinin çoxaldılması;

b) Dünya enerji ehtiyatlarının 45%-nin yerləşdiyi bölgəyə və enerji dəhlizlərinə nəzarətin tamamən ələ keçirilməsi;

c) Neft kəmərlərinin təhlükəsiz ərazilərdən (kürdlərin nəzarətinə veriləcək ərazilər düşünülür) keçirilməsi

d) Bölgənin güclü dövlətləri olan Türkiyə və İranın regional gücə çevrilməsini əngəlləmək, gələcəkdə ABŞ-ın nəzarətindən çıxmaması, İsrailə təhdid olmamaları üçün bu ölkələrin vətəndaşı olan kürd azlığını separatçı hərəkərlərə yönəltmək (parçalanma təhlükəsinin real olduğu Suriya və İraqın normal dövlət kimi taleyi şübhə altındadır).

e) İranın şiə ittifaqı yaradıb (İraq, Suriya hakimiyyətləri və Livan “Hizbullah”ı) Aralıq dənizinə çıxışı olan regional güc olmasını əngəlləmək, İsrail və əlaltısı Səudiyyə Ərəbistanını təhdidlərdən qorumaq.

Bu maraqların həyata keçirlməsi üçün ABŞ-ın 1991-ci 2003-cü illərdə başlatdığı körfəz müharibələri və İraqın işğalından sonra Böyük Ortadoğu Projesi (BOP) işə salındı, İŞİD tipli terror təşkilatlarının əli ilə bölgə vətəndaş müharibələri və xaosa sürükləndi. Projenin əsasında bölgədə dövlətlərin xəritələrinin yenidən çəkilməsi durur ki, bunun reallaşması üçün terror təşkilatlarının əli ilə məzhəb savaşları, iç qarışıqlıqlar, vətəndaş müharibələri həyata keçirilir. Amerikanın bölgədəki maraqlarının həyata keçirilməsi üçün kürdlərə onun adına vəkalət müharibəsi aparmaq rolu ayrılıb. Beləliklə, 50 ildən artıq müddətdə hazırlanaraq bölgədə Amerikanın maraqlarını müdafiə edəcək satellit (peyk) kürd dövləti qurma projesi ortaya çıxıb. ABŞ 2003-cü ildə Iraqı işgal edərək kürd dövlətini faktiki reallığa çevirib. ABŞ-ın strategiyasına görə, Quzey İraq mərkəzli bir kürd dövləti qurub, ardından bu dövlətin sərhədlərini Türkiyənin Güneydoğusu, İranın qərbi, Suriyanın şimalı, Bəsrə körfəzinin yaxınlarına qədər genişləndirməli, Mosul və Kərkük kimi neftlə zəngin Türkmən vilayətləri də ora daxil edilməlidir. ABŞ milli kəşfiyatı 1992-ci ildə bununla bağlı bir dəyərləndirmə aparıb: “İraqın quzeyindəki bir muxtar kürd dövləti güman ki, Türkiyə, İran və Suriya torpaqlarını əhatə edəcək bir kürd dövlətinin nüvəsini təşkil edə bilər. Ancaq belə bir qurum yaşaya bilməyəcək, müvəqqəti olacaqdır”. Çünki xüsusilə bu coğrafiyada qonşuları ilə problem yaşayıb dənizə çıxışı olmayan bir dövlətin yaşamasının imkansız olduğu bir gerçəklikdir. Bu baxımdan hazırda ABŞ İŞİD və digər terror təşkilatlarının əli ilə xaos yaratdığı Suriyada kürdlərə Aralıq dənizinə çıxmaq imkanı verəcək dəhlizin yaradılmasına ciddi səy göstərir. ABŞ-ın planı bölgədə “ikinci İsrail” adlandırılan bir dövlətin qurulmasıdır.
İsrailin marağı əsasən ABŞ-ın maraqları ilə üst-üstə düşür. İsrail yarandığı gündən Fələstinlə arasındakı anlaşılmazlıq üzündən onu əhatə edən ərəb dövlətləri ilə gərgin münasibətlərdədir. Bunun nəticəsində ərəblərin birləşmiş qüvvələri ilə zaman-zaman müharibələr aparıb. Bu baxımdan İsrail ərəb dövlətlərinin (xüsusilə İraq və Suriya) zəif və dağınıq olmasında maraqlıdır. Yəhudilərin bugünkü İraqın şimalı ilə tarixi əlaqələri mövcud olub. Hətta bəzi ehtimallara görə, qədimdən orada yaşamış yəhudilərin bir qismi zamanla kürdləşib və bu mənada iki qövm arasındakı yaxın münasibətlər təbii qəbul edilir. İsrail dövləti yarandığı vaxtdan İraqın şimalını maraq dairəsinə daxil edib, kürdlərlə yaxın əlaqələr quraraq bölgədə ən güclü kəşfiyat şəbəkələrindən birini yaradıb, onların İraq hakimiyətinə qarşı bütün hərəkətlərini gücü yetdiyi qədər dəstəkləyib. 1961-ci ildə İraqda başlanan kürd üsyanını silah, sursat, hərbi mütəxəssislər və kəşfiyatçılarla müdafiə edib. O zamankı mətbuatda və kəşfiyat məlumatlarında peşmərgə geyimində olan “Mossad” əməkdaşları haqqında çoxlu sayda foto materiallar yayılıb. Təhlükəsizliyin təmin olunmasından başqa İsrailin marağı həmçinin bölgənin malik olduğu zəngin enerji ehtiyatlarından istifadəyə və faydalanmağa yönəlib. Söhbət Kərkük və Mosulda çıxarılan neftin İsrail üzərindən nəqlinin təmin edilməsi -1948-ci ildə nəqli dayandırılmış Kərkük-Hayfa neft kəmərinin yenidən işə salınmasından gedir. İraq və Suriya ərazilərindəki neft marşrutlarının terror təşkilatlarının təhdidi ilə üzləşməsi bu məsələni aktuallaşdırır. Digər tərəfdən, bölgədə qurulması istənilən, regionun digər dövlətlərini özünə təhdid görən ABŞ və İsrailin himayəsindəki bir kürd dövləti bu maraqları təmin etmək məcburiyətindədir. İsrail Quzey İraqdakı kürd muxtariyəti vasitəsilə Türkiyə, Suriya, İraq və İranı daxili problemlərlə məşğul edib özünə qarşı yönələ biləcək təhdidləri neytrallaşdırmağı planlayır. Həmçinin İranın Yaxın və Orta Şərqdəki aqresiv fəaliyyətini durdurmağa çalışır. Bu hallarda kürd kartı effektiv vasitə sayılır.

Rusiyanın kürdlərlə əlaqələri XIX əsrdən yaranıb. Rusiyanın marağı kürdlərin vasitəsilə bölgə ölkələrinə (Türkiyə, İran, Suriya və İraq) təsiri artırıb geopolitik maraqlarını həyata keçirmək (isti dənizlərə çıxış), regionun zəngin enerji ehtiyatlarından bəhrələnməkdir. II dünya müharibəsi ərəfəsində İngiltərənin müəyyən qədər zəifləməsi ilə Rusiyanın kürdlərlə əlaqələri 1940-cı illərdə geniş xarakter alır və 1946-cı ildə Rusiyanın birbaşa dəstəyi ilə İranda kürdlərin Mahabad dövləti qurulur. Bu dövlət süquta uğradıqdan sonra Mustafa Bərzaniyə 12 il ərzində sığınacaq verib, ölkəsinə dönməsini təmin edən sovet dövləti 60-cı illərdə İraq və Suriyada hakimiyyətə gələn Səddam Hüseyn və Hafiz Əsədlə yaxın münasibətlər quraraq kürdlərə dəstəyiini azaldır. “Soyuq müharibə”nin gərgin dövründə SSRİ-nin dəstəyi ilə 1978-ci ildə Türkiyə əleyhinə olan terrorçu PKK təşkilatı qurulur. Hazırda Rusiya Quzey İraqda M. Bərzani ilə referendum öncəsi bölgənin enerji ehtiyatlarının birlikdə işlənməsi haqda müqavilələr imzalayıb, hərbi-texniki sahədə əməkdaşlıq edir. Bundan başqa, Rusiya Suriyanın şimalını ABŞ-ın birbaşa yardımı ilə nəzarətə saxlayan PKK-nın Suriya qolu olan PYD-YPG ilə ciddi şəkildə əməkdaşlıq edir və onun əsas himayədarlarından biridir.

Oqtay Qasımov

COP29