“Qərbin bir sıra ölkələrindəki erməni lobbisinin təsiri sayəsində Azərbaycana yönəlik təzyiqlərin səngimədiyini görürük”.
Bu fikirləri Qarabağ ermənilərinin guya “humanitar fəlakət”lə üzləşdiyini iddia edən bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı təzyiqləri artırmasını şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cəhdlər Azərbaycanı öz haqlı və qətiyyətli mövqeyindən çəkindirə bilməz:
“Humanitar yük”lərin qarşısının alınmasından sonra Ermənistanın Laçın yolunda təşkil etdiyi şounun davamı olaraq Qərbdən Azərbaycana yönəlik təzyiq cəhdlərinin artdığı müşahidə olunmaqdadır. Təəssüf ki, Qərbin bir sıra nüfuzlu media orqanları və təşkilatları, o cümlədən, siyasətçiləri və ekspertləri də Azərbaycana qarşı təşkil olunan növbəti təzyiq kampaniyasının iştirakçısına çevriliblər.
Ancaq Azərbaycan Qarabağdakı erməni əhalinin heç bir “humanitar fəlakət”lə üzləşmək təhlükəsi yaşamadığını sübut etmək üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif etdi. Ermənilər bu variantdan imtina etdikdə isə Qərb mərkəzləri artıq orada nəyin baş verdiyini anlamağa başladılar.
Bununla belə, Qərbin bir sıra ölkələrindəki erməni lobbisinin təsiri sayəsində Azərbaycana yönəlik təzyiqlərin səngimədiyini görürük. Lakin bu cəhdlər əlbəttə, Azərbaycanı öz haqlı və qətiyyətli mövqeyindən çəkindirə bilməz. Laçın sərhəd-keçid məntəqəsi Azərbaycanın suveren ərazisində beynəlxalq hüquqa əsasən fəaliyyət göstərən məntəqədir.
Qeyd edim ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı vəziyyətdə olsa da, Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistanla quru sərhədləri işlək vəziyyətdədir. Bu fakt Azərbaycanın humanizm prinsiplərindən çıxış etməsinin daha bir göstəricisidir. Deyildiyi kimi, bütün bunlara baxmayaraq, Azərbaycana yönələn təzyiqlər hələ qalmaqdadır və onları dəf etmək heç də asan deyil.
Lakin Azərbaycan Prezidenti bu təzyiqlərin qarşısını almaq üçün bizim bildiyimiz və bilmədiyimiz formalarda tədbirlər görür. Azərbaycanın Xarici İşlər Naizrliyinin strukturları, diplomatlarımız, müxtəlif vəzifəli şəxslərimiz, siyasi partiyalar, QHT-lər özlərinin əlaqələrindən istifadə etməklə, Ermənistanın başlatdığı kampaniyanın, əslində, siyasi şou olduğunu dünyaya göstərməyə çalışırıq.
Hesab edirəm ki, Qərb Azərbaycana qarşı bu təzyiqləri ilə heç nəyə nail olmayacaq. Eyni zamanda, Qərb ölkələrinin bu gün Laçın yolunun qeyd-şərtsiz açılması tələbi beynəlxalq hüquqa və onların öz fəaliyyətlərinə ziddir. Bütün hallarda Azərbaycanı bu yolla öz mövqeyindən çəkindirmək mümkün olmayacaq”.
A.Zeynalov