“Putin bu günə qədər de-fakto hakimiyyətdə idi və prinsip etibarilə, inauqurasiya onun yenidən seçilməsinin simvolik bir başlanğıcıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Politoloq Rusiya prezidenti Vladimir Putinin inaqurasiya mərasimindən sonra Kremlin Ukrayna cəbhəsində əməliyyatları genişləndirəcəyi ilə bağlı Qərb mətbuatının yaydığı iddialara toxunub.
ƏHDP funksioneri qeyd edib ki, ABŞ-nin tanımadığı məsələlərə gəldikdə, de-fakto mövcud olan reallıqları Birləşmiş Ştatların tanıyıb-tanımamasından asılı olmayaraq, bunu bütün dünya qəbul edir və bu yanaşma tərzi beynəlxalq hüquqi nihilizmin bir nümunəsi hesab oluna bilər:
“Əgər burada Ukraynadakı əməliyyatların genişlənməsindən söhbət gedirsə, son dövrlərdə Qərbin nümayiş etdirdiyi mövqe, daha dəqiq desək, müharibənin dayandırılmasında maraqlı olmadıqlarını nümayiş etdirmələri, təbii ki, adekvat tədbirlərin həyata keçirilməsinə zəmin yarada bilər. Onsuz da yaz-yay aylarında əməliyyatların genişlənəcəyi ilə bağlı informasiyalar var idi ki, bu da xüsusi bir kəşfə ehtiyac olan bir məqamı özündə ehtiva etmir”.
Onun sözlərinə görə, son dövrlərdə Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi əməliyyatlar, eyni zamanda, F-16-larla bağlı səsləndirilən bəyanatlar, onların yaxın günlərdə Ukraynaya göndərilməsi ilə bağlı verilən açıqlamalar, şübhəsiz ki, Rusiyanın daha ağır silahlardan istifadə edərək, hücum əməliyyatlarını davam etdirəcəyini söyləməyə əsas verir ki, bunun hansı istiqamətdə baş verəcəyini öncədən söyləmək çox çətindir.
“Ən böyük problem isə ondan ibarətdir ki, Qərb bütün qıcıqlandırıcı addımları atır ki, Rusiya müharibəni daha genişmiqyaslı bir müstəviyə daşısın və Ukrayna xalqı daha çox ziyan çəksin, ölkə daha çox dağılsın. Yekunda isə iki xalq arasında münasibətlərin nə zamansa bərpası üçün ümumiyyətlə, imkan yaranmasın. Faktiki olaraq, onlar Avropa ilə Rusiya arasında düşmən bufer zonası formalaşdırmaq istəyirlər. Onlar üçün Ukraynanın ərazi bütövlüyü məsələsi heç bir əhəmiyyət kəsb etmir.
Əgər etsəydi, zamanında və proseslərin əvvəlində müharibənin baş verəcəyi ehtimalını başa düşərək Kiyevə lazımi ciddi dəstəyi ardıcıl şəkildə verərdilər. Lakin biz gördük ki, Ukraynanın dəstəyə ehtiyac olanda bu dəstək ona verilmədi. Çünki insan resursları tükənir və belə olan halda Kiyevə veriləcək silahların heç bir anlamı yoxdur”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, bir sıra nüfuzlu Qərb mediası may ayında Rusiyanın Xarkov və ətraf ərazilərdə əməliyyatları genişləndirəcəyini vurğulayıb. Amerikadakı Mühairbənin Araşdırılması İnstitutunun analitikləri isə hesab edirlər ki, Putin andiçmə mərasimindən sonra əsas hədəf kimi Xarkov şəhərini seçib və Rusiya yay aylarına qədər mütləq şəkildə Xarkovu işğal edəcək.
Rafi Müslümov