“Rusiyadan neft alışı qadağan edilsə də, oradan gələn tankerləri öz limanlarına buraxırlar”.
Bu fikirləri Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüzü ilə başlayan müharibənin dayandırılması üçün Türkiyənin vasitəçilik təşəbbüsünün Qərb ölkələri tərəfindən birmənalı qiymətləndirilməməsinə münasibət bildirən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu şəraitdə Türkiyənin əsas istəyi müharibənin dayandırılması və tərəflərin danışıqlar masasına əyləşməsidir:
“Qeyd edim ki, Ukraynada savaşın başladığı ilk andan etibarən Türkiyə öz qəti mövqeyini bütün dünyaya bildirib. Bildiyiniz kimi, Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə yaxın münasibətləri mövcuddur. Ona görə də ölkəmiz bu iki qonşu dövlətin ən qısa müddətdə savaşı bitirmələrinə çalışır, bu çərçivədə əlindən gələni edir.
Bununla belə, təəssüf ki, savaşın davam etdiyi üçüncü ayda NATO ilə Rusiyada müharibənin dayandırılması istəyinin olduğu görünmür. Yəni Rusiya özünün müharibəni şərtləndirən məqsədlərinə çatmadan dayanmaq niyyətində deyil. NATO ölkələrinin bir çoxunun rəhbərləri isə Ukraynada müharibənin uzanacağını bəyan edir, həmin ölkəyə sürəkli silah göndərirlər.
Yeri gəlmişkən, burada Qərb ölkələrinin Rusiyaya qarşı təbiq etdikləri sanksiyalara da ikili standartlar əsasında yanaşdıqları diqqətdən yayınmır. Məsələn, sanksiyalara əsasən, Rusiyadan neft alışı qadağan edilsə də, oradan gələn tankerləri öz limanlarına buraxırlar. Başqa sözlə, özlərinə lazım olan məhsulları qəbul edirlər, olmayanı isə yox. Türkiyə isə mövcud şəraitdə də öz mövqeyini dəyişmir, müharibənin dayandırılması və danışıqların başlaması təşəbbüslərini davam etdirir. Nəticənin necə olacağını isə zaman göstərəcək”,
A.Zeynalov