“Qərb özünü “liberal” kimi təqdim edir, amma liberalizmin qəbrini qazmaqla, bütün prinsiplərini, dəyərlərini yerlə-bir etməklə məşğuldur”.
Yenicag.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyəti ilə bağlı qeyd edib.
O bildirib ki, Rusiyanın işğalçı siyasətini bəhanə edib, neft-qaza qiymət qoymağa çalışırlar, təhlükəli presedent yaradırlar:
“Bu gün Rusiyaya, neft-qaz bazarına tədbiq edilən qiymət məhdudiyyəti, dövlətlərin bazara kobud müdaxiləsi sabah başqa ölkələrə, başqa növ mal və xidmətlərə də şamil edilə bilər – bu isə əsl “kommunist” yanaşması, dövlətin iqtisadiyyata axmaqcasına müdaxiləsidir.
“Nyu-kummunist liberallar” tək iqtisadiyyata müdaxilə ilə qalmırlar, azadlıqları, söz-mətbuat azadlıqlarını da boğmağa cəhd edirlər – sosial şəbəkələrə müdaxilə edirlər, saytları bloklayırlar, elə Rusiya kimi avtoritar yanaşma ilə davranaraq, bunu “liberalizm” kimi qələmə verirlər.
İndi də İlon Maskı, onun sahibi olduğu “Twitter”i hədəf alıblar – AB daxili bazar üzrə komissarı (yeri gəlmişkən, vəzifələrin adını “komissar” qoymaqla da kommunistlərə çox bənzəyirlər) Terri Breton AB ərazisində bu sosial şəbəkənin bloklana biləcəyini bəyan edib, müxtəlif mənasız səbəblər səsləndirib, amma əsl səbəb odur ki, Mask “Twitter”də söz azadlığını genişləndirməyi düşünür, hətta 2020-ci il ABŞ-də prezident seçkilərində baş verən pozuntularla bağlı sensasion sənədlər dərc edib – dərhal da AB ona qarşı hərəkətə keçməklə bağlı bəyanat səsləndirib”.
Ekspert bildirib ki, Qərbə münasibət onun dəyərlərinə, seçki, söz, toplaşmaq və başqa azadlıqların qorunmasını görədir:
“Ümumbəşəri dəyərlər olan azadlıqların qorunması missiyasını məhz Qərb öz üzərinə götürmüşdü, indiki siyasi elitanın böyük bir hissəsi isə əsl “kommunist” yanaşma ilə azadlıqları məhdudlaşdırmağa, iqtisadiyyata kobudcasına müdaxilələrə cəhd edir”.