“Ermənistan bundan sonra Rusiya əleyhinə addımlarını davam etdirəcəksə, Moskvadan İrəvana qarşı təzyiqlər də güclənəcək”.
Bu fikirləri Qərb dövlətlərinin Ermənistan üzərindən Rusiyaya qarşı fəaliyyəti genişləndirməsi və gedən mübarizənin regiona təsirini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
Şair Ramaldanov bildirib ki, Rusiya Ermənistana yönəlik effektli təsir mexanizmlərini işə salacaq:
“Hər bir ölkənin öz maraqlarına əsaslanan və qarşıya qoyulan məqsədlərə uyğun yürüdülən siyasəti var. Ona görə də, Ermənistanın hansısa təşkilatda qalması və yaxud çıxması onun daxili işidir. İrəvanın region üçün yarada biləcəyi təhlükə ondan ibarətdir ki, Ermənistanın vasitəsilə Cənubi Qafqaz regionuna yad qüvvələr ayaq açır.
Bu regionda proseslər 3+3 formatında həll olunur. Qərbin, ABŞ-ın və digər qüvvələrin öz maraqlarını təmin etməsi üçün regiona ayaq açması yalnız Ermənistan üzərindən baş tuta bilər. Azərbaycan üçün regionun təhlükəsizliyi prioritet məsələdir. Ona görə ki, regionda nəzərdə tutulmuş böyük layihələrin, planların, sərmayələrin taleyi regionda olan sabitlikdən, təhlükəsizlik zəmanətindən aslıdır.
Ermənistan da təbii ki təhlükəsizliyə ən etibarsız tərəf olaraq, regionda bütün prosesləri gecikdirmə, ləngitmə funksiyasını yerinə yetirir. Digər təhlükə isə ondan ibarətdir ki, bütün bunlar açıq-aydın Rusiyanın əleyhinə yönəlib. Bilirik ki, Rusiya Ermənistanı əlindən buraxan deyil. Avropa uzaqda, ABŞ isə ondan da uzaqdadır. Hər halda Qərbin, ABŞ-ın Ukrayna müharibəsində davranışlarını görürük. Bu gün Ukrayna ploqona çevrilib.
Ermənistanın bu addımlarına qarşı Rusiya “təsirə qarşı əks-təsir” mexanizmlərini işə salacaq. Belə olduğu halda düşünmürəm ki, Ermənistan öz məqsədlərinə çatsın. Paşinyanın nüfuzu, reytinqi çox düşüb. Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurduğunu” desə də, bunu təsdiqləyən heç bir rəsmi sənəd yoxdur.
KTMT-dən ayrılan ölkə Avrasiya İqtisadi İttifaqından da çıxmalıdır. Bunlar bir-birinə bağlı birliklərdir. Ermənistan bundan sonra Rusiya əleyhinə addımlarını davam etdirəcəksə, Moskvadan İrəvana qarşı təzyiqlər də güclənəcək. Ancaq bu ziddiyyətlərin güc tətbiqinə gəlib çıxaracağını düşünmürəm. Bununla belə, Ermənistanda hakimiyyətin dəyişdirilməsi riski daha da artacaq”.
Səxavət Məmməd