“Əslində, Fransa Ukrayna məsələsinə yenicə istiqamət almayıb. Rəsmi Paris Ukrayna müharibəsi başlayandan etibarən, tərəflər arasındakı vasitəçilik rolunu öz üzərinə götürməyə çalışıb”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Sultan Zahidov deyib.
Siyasi təhlilçi Çin lideri Si Cinpinin Fransa səfərindən sonra Çinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasi kursunda dəyişikliyin edilməməsinin səbəblərindən söz açıb.
O xatırladıb ki, 2022-ci ilin fevralından sentyabrına kimi, Emmanuel Makronla Vladimir Putin arasında dəfələrlə telefon danışığı olub, buna “telefon diplomatiyası” da deyilir:
“Makron hər vəchlə Putini Ukraynanın işğalından vaz keçirməyə çalışsa da, aydındır ki, onun diplomatiyası istənilən nəticəni vermədi və Fransanın bu cəhdləri uğursuz oldu. Məhz bundan sonra Fransanın Rusiya siyasətində 180° dəyişiklik baş verdi. Həmin “telefon diplomatiyası” uğursuz olandan sonra Makron artıq Rusiyaya qarşı daha kəskin mövqe almış və Rusiyanı işğalda günahlandıraraq, Ukraynaya dəstəyin Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu vurğulamışdı”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın Ukraynanı işğalına qədər Fransanın strategiyası fərqli idi.
“Makron həmin vaxta kimi çalışırdı ki, Rusiyanı Avropaya cəlb etsin, onun Avropanın təhlükəsizlik sistemində və iqtisadiyyatında rolunu artırsın və Putinin Çinlə yaxınlaşmasına maneçilik törətsin. Daha sonra bu strategiya işə yaramadı, əksinə, Rusiya-Çin münasibətləri daha da irəlilədi və Rusiya Ukraynanı işğal etdikdən sonra Fransa mövqeyində dəyişikliklər həyata keçirdi”, – deyə o bildirib.
S. Zahidovun qənaətinə görə, hazırda görünən odur ki, Makron öz siyasəti ilə Çini Rusiyadan uzaqlaşdırmaq istəyir:
“Fransa prezidenti Çin lideri Si Cinpinin Ukrayna məsələsində Putinə təzyiq göstərməsinə çalışır. Aydındır ki, bu, heç bir nəticə verməyəcək, çünki Çin əvvəldən bu məsələdə öz neytral mövqeyini ortaya qoyub. Rəsmi şəkildə Pekinin mövqeyi neytral olsa da, Çin hazırda Rusiyanın yanında yer alır. Biz bilirik ki, müharibə başlayandan sonra Rusiya ilə ticari-iqtisadi əlaqələrə ən çox girən ölkə də məhz Çin oldu. Yəni Rusiyanın iqtisadi sanksiyalardan zədələnməməsinin əsas səbəblərindən biri də məhz Çinlə olan ticarətinin artırılması, bağlanılan qaz sazişi və digər bu tipli müqavilələrdir. Belə olan halda, Si Cinpinin sözsüz ki, Rusiyaya qarşı çıxması inandırıcı görünmür”.
O, diqqətə çatdırıb ki, bir il öncə Çin Rusiya-Ukrayna müharibəsi ilə bağlı 10 maddəlik plan irəli sürdü:
“Bu maddələrin hər birinə nəzər yetirsək, görərik ki, orada Ukraynanın ərazi bütövlüyü, işğala son qoyulması və bu kimi digər məsələlərə yer verilməyib. Bu isə bir daha rəsmi Pekininin mövqeyinin Moskva ilə üst-üstə düşdüyünün göstəricisidir. Əslində, Çin Rusiya-Ukrayna müharibəsindən qazanan tərəfdir. Çünki bu müharibədə Çinin əsas potensial rəqibləri olan Rusiya və ABŞ bir-birilərinə qarşı dolayı yollarla vuruşur və hər ikisi milyardlarla dollar pul xərcləyirlər. Belə olan halda, Çinin bu rəqabətdən qüvvətlənərək çıxması ehtimalı böyükdür.
Digər tərəfdən, Çin də Rusiya ilə bərabər ABŞ-nin liderlik etdiyi hazırkı beynəlxalq siyasi-iqtisadi sistemə qarşıdırlar. Bu da, sözsüz ki, Moskva və Pekin oxunun daha da möhkəmlənməsinə dəlalət edir. Eyni zamanda, bu oxa biz Tehran (İran – red.) və Pxenyanı (Şimali Koreya – red.) da qoşsaq, artıq mümkün Qərb-Şərq konfrontasiyası və baş verə biləcək Üçüncü Dünya müharibəsinin baş vermə ehtimalları çoxalır”.
Qeyd edək ki, nüfuzlu “The New York Times” nəşri yazır ki, Fransa prezidenti Emmanuel Makronun Çin lideri Si Cinpini Ukrayna məsələsində Putinə təzyiq göstərməyə inandırmaq cəhdi heç bir nəticə verməyib. Bundan başqa, Si Cinpin Pekinin Ukrayna böhranının tərəflərindən biri olmadığına da diqqət çəkib.
Rafi Müslümov