Qərb və Rusiyanın “uğurda pay sahibliyi” İDDİASI: “Onların müdaxiləsi məsələnin həllinə yox, əksinə…”

“İki xalq öz arasında buzların əriməsinə, sərhədlərin açılmasına, diplomatik əlaqələrin qurulmasına birgə səylərlə nail olmalıdır”.

Bu fikirləri Azərbaycan və Ermənistan arasında əldə olunan son anlaşmanı Qərb ilə Rusiyanın öz adlarına çıxmaq cəhdlərini şərh edən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, həm Qərbin, həm də Rusiyanın nizamlama prosesində hələ də destruktiv mövqedən çıxış etməsi təəssüf doğuran haldır:

“Onların müdaxiləsi nəinki məsələnin həllinə, tam əksinə, daha da qəlizləşməsinə səbəb olur. Qərb və Rusiyanın kənarda durması daha məqsədəuyğundur. Çünki azərbaycanlılarla ermənilər nə olur-olsun, bir-biri ilə dil tapa biləcəklər.

Əslinə qalsa, problem sadəcə, ermənilərdən qaynaqlanmır. Erməniləri qızışdırıb ortaya salan məhz bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərbdir. Bu vəziyyət artıq yüz ildən artıqdır ki, davam edir. Ona görə də Qərb və Rusiyanın iki dövlət arasında münasibətlərə müdaxilə etməməsi daha yaxşı olardı.

İki xalq öz arasında buzların əriməsinə, sərhədlərin açılmasına, diplomatik əlaqələrin qurulmasına birgə səylərlə nail olmalıdır. Hazırda müşahidə etdiyimiz proseslər məhz prezident İlham Əliyevin Ermənistan hakimiyyəti ilə birbaşa dialoqunun nəticəsidir.

Vasitəçilər olmadan danışıqlarda uğurlara imza atmaq daha real görünür. Dediyim kimi, Qərb və Rusiya bu prosesdən uzaq durmalı, Ermənistan və Azərbaycan mövcud problemləri öz aralarında həll etməlidir”.

Nəsimi Ələsgərli

COP29