Qərbdən Azərbaycan seçkilərinə maraq, yoxsa imitasiya?

ATƏT-in Azərbaycanda keçiriləcək 11 aprel növbədənkənar prezident seçkilərinə müşahidəçi missiyası göndərmək qərarı birmənalı qarşılanmır.

Yenicag.az xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda aprelin 11-nə təyin olunmuş növbədənkənar seçkilərin monitorinqi məqsədilə ölkəmizə geniştərkibli müşahidə missiyası göndərməyi qərara alıb.

Məlumata görə, ATƏT DTİHB bu çərçivədə Azərbaycana 280 qısamüddətli və 30 uzunmüddətli müşahidəçi göndərməyi planlaşdırır. Missiyanın seçkilərin səsvermə gününə qədər olan mərhələsi, səsvermənin gedişi və seçkilərin yekunları ilə bağlı geniş hesabatla çıxışı nəzərdə tutulur.

Bununla belə, Qərbin Azərbaycandakı proseslərə diqqətinin azalmadığı dönəmdə ATƏT DTİHB-nin ölkəyə müşahidə missiyası göndərmək hazırlığı birmənalı qarşılanmır.

Ekspertlərin bir qismi bu addımın “növbətçi xarakter” daşıdığını düşündükləri halda, digərləri ATƏT-in müşahidəçi missiyasının seçkilərlə bağlı yekun rəyini indidən şübhə altına alırlar.

Bu barədə Yenicag.az-a danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, Qərb Azərbaycandakı seçkilərin necə keçirildiyini yaxşı bilir və buna uyğun davranır:

“Bildiyiniz kimi, Azərbaycanda Qərbin əsas dövlətlərinin müxtəlif strukturları fəaliyyət göstərirlər. Həmin ölkələr bu təsisatlar vasitəsilə Azərbaycanda bütün sahələr üzrə mövcud vəziyyət haqqında dəqiq məlumat əldə edə bilirlər.

Qərb çevrələri Azərbaycandakı siyasi vəziyyəti, o cümlədən, seçkilərin necə keçirildiyini yaxşı bilsələr də, özlərini o yerə qoymur və bu proseslərə maksimum diqqətlə yanaşdıqlarını göstərməyə çalışırlar.

Onlar əla bilirlər ki, növbədənkənar seçkilər qəfildən təyin olunub, müxalifətin böyük hissəsi seçkilərə qatılmayıb və cəmiyyətdə seçkiyə maraq azdır. Lakin diplomatiya həm də riyakarlıq sənətidir.

O baxımdan, Qərb də özünəməxsus qaydada imitasiya edərək, Azərbaycandakı seçkilərin monitorinqi üçün müşahidə missiyası göndərir. Məqsəd aydındır, onlar bununla siyasi bazarlıq üçün yeni imkanlar qazanırlar. Başqa bir səbəb yoxdur”.

ATƏT-in Azərbaycan seçkilərinin monitorinqini aparmaq qərarını Yenicag.az-a dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə sözügedən missiyanın obyektivliyinə şübhə ilə yanaşır:

“Açığı, bu barədə düşüncələrim heç də pozitiv deyil. Çünki ATƏT-in Azərbaycandakı vəziyyətlə bağlı ehtiyacların qiymətləndirilməsinə dair hesabatla tanışlığı başqa düşüncələrə yer saxlamır.

Təsəvvür edin ki, həmin hesabatın hər paraqrafının sonunda Azərbaycanda ayrı-ayrı sahələr üzrə problemlərin mövcudluğu qabardılır və bu qənaətlərində də “söhbətləşdikləri adamlar”a istinad olunur. Yəni ATƏT indidən obyektiv sayılmayacaq rəy formalaşdırmağa cəhd edir.

Ona görə də bu fikirdəyəm ki, seçki prosesinə indidən belə qeyri-obyektiv qiymət verən bir beynəlxalq qurumun müşahidə missiyasının yekun hesabatı həqiqəti əks etdirməyəcək”.

A. Zeynalov

COP29