!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbə açılım proqramını kim əngəlləyir? – Müşfiq Ələsgərli yazdı

!Reklam – Yazi

imageMədən Sənayesində Şəffaflığın Artırılması üzrə (MSŞA) QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bəyanat yayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə Koalisiyanın fəaliyyəti ilə bağlı mövcud problemlərin həll olunması üçün çox ciddi addımlar atılmasına start verildiyini bildirib. Yeni təşəbbüsə uyğun olaraq MSŞA QHT Koalisiyasının fəaliyyətinin genişləndirilməsi, qrant vəsaitlərinin ayrılması, Koalisiya üzvlərinin üzləşdikləri ayı-ayrı problemlərin həlli üçün müvafiq dövlət qurumları ilə müzakirələr aparılmasına başlanılıb. Koalisiya koordinatoru təmsil etdiyi qurumun ölkəmiz üçün önəmini vurğulayaraq, vətəndaş cəmiyyəti təmsilçilərinin və Koalisiya üzvlərinin üzləşdikləri problemlərin həlli istiqamətində təşəbbüsləri təqdir edir və müvafiq dövlət qurumları ilə dialoq, əməkdaşılıq çərçivəsində bu istiqamətdə yaxın gələcəkdə daha ciddi irəliləyişlər əldə olunacağına əminliyini bildirir.

Əliməmməd Nuriyevin bir cümləyə sığışdırıb üzərindən keçdiyi “problemlərin həllinə başlanılıb” kəlamı, əslində, özündə çox ciddi durumu əks etdirir. Söhbət 2014-cü ilin əvvəlindən başlayaraq, qrant qanunvericiliyi üzərində aparılan dəyişikliklərdən, xarici donorlardan alınan qrant layihələrinin faktiki dondurulmasından, xarici donorlarla əməkdaşlıq edən bəzi QHT-lər barədə cinayət işlərinin başlanmasından, bəzilərinin bank hesablarının dondurulmasından, bəzilərinin təmsilçilərinin həbs edilməsindən və ya xaricə çıxışlarının yasaqlanmasından gedir. Qeyd edilən proses təkcə MSŞA QHT Koalisiyasının üzvlərinini əhatə etməyib, ölkənin ümumi QHT sektorunun təftişi aparılıb, kimlərin nə işlə məşğul olması araşdırılıb. Uzun illər boyu nəzarətsiz buraxılmış, ifrat sərbəstlik verilmiş QHT sektorunda maliyyə maxinasiyalarına, sosial proqramlar adı altında qrantların alınıb siyasi qruplara xərclənməsinə, ölkədə siyasi sabitliyi pozmağa yönəlmiş qrupların formalaşmasına dair faktların aşkarlanmasından sonra başlanan təftiş prosesi uzandıqca uzandı, araşdırıldıqca yeni-yeni faktlar üzə çıxdı: təkcə ölkədaxili siyasi qrupların deyil, xarici güclərin də Azərbaycan QHT sektorunda kök salması, özlərinə xidmət edən kalonlar formalaşdırmalarına dair faktlar tapıldı, vəziyyət mürəkkəbləşdi.

Azərbaycan hüquq-mühafizə orqanlarının bu sahədə apardığı prinsipal mübarizə beynəlxalq güclər üçün gözlənilməz oldu. Adətən bənzər durumlar yarananda, xarici güclərə bağlı hansısa QHT-nin qanunlar çərçivsində araşırılmasına cəhd göstəriləndə, dərhal beynəlxalq rəy Azərbaycana qarşı yönlədirilir, söz, vicdan, ifadə, toplaşmaq azadlıqlarının pozulmasına dair ittihamlar irəli sürülür, kampaniyalar keçirilir və prosesin tamamlanmasının qarşısı alınırdı. Bu dəfə əksi baş verdi: ATƏT, Avropa Birliyi, Avropa Şurası daxil olmaqla beynəlxalq dövlətlərarası təşkilatlardan başlamış beynəlxalq statuslu QHT-lərə qədər bütün qurumların dil açmasına, hətta super güc sayılan bəzi dövlətlərin rəsmi təmsilçilərinin işə qarışmasına, özlərinə bağlı Azərbaycan QHT-lərinin təftişinin qarşısını almaq üçün bütün vasitələrə əl atmalarına baxmayaraq, Azərbaycan dirəniş göstərdi, başladığı işi yekunlaşdırmaqda qərarlı göründü. İki ilə yaxın bir müddətdə davam edən proses artıq məntiqi sonluğuna çatmaq üzrədir. Hansı QHT-lərin Azərbaycan qanunlarına sayğılı yanaşdığı, öz missiyası ilə məşğul olduğu, milli dəyərlərə önəm verdiyi, həmçinin kimlərin qərəzli siyasi qruplara bağlandığı, xarici güclərə alət olduğu aşkarlandı; cəzalandırılmalı olan cəzasını aldı, normal fəaliyyət göstərənlərin işini davam etdirmələri üçün yeni mexanizmlər hazırlanır. Bu baxımdan MSŞA koordinatorunun bəyanatı fəaliyyətində təbii durğunluq yaranmış QHT sektoru üçün yaşıl işıq yandırılmasına dair ilk işarə kimi dəyərləndirilə bilər. Məlumat üçün bildirək ki, bəyanatın səsləndiyi 21 oktyabr təqvimində Azərbaycan Prezidnetinin QHT sektorunun fəaliyyətini asanlaşdırmaq, bu sektora təkan olmaq üçün 3 sərəncamı elan edildi ki, bu sərəncamları QHT təmsilçiləri son iki ildə aparılan proseslərin yekunlaşması, yeni dönəmin başlanğıcı kimi dəyərləndirdilər.

Amma prosesin gedişində ciddi bir nüans diqqəti çəkir. QHT sektorunun təftişini, qanunsuz hallara qarşı mübarizəni qınayan bəzi Qərb dairələri Azərbaycan hüquq mühafizə orqanlarının fəaliyyətini şübhəyə almaq üçün ən müxtəlif vasitələrə əl atdılar. Təbliğat qurdular ki, guya Azərbaycan hakimiyyəti öz ömrünü uzatmaq üçün “şəffaf, demokratik prinsipli Qərbdən üz döndərib” “qaranlıq, avtokrat Rusiyaya üz tutur”. Onlar qanun pozuntusuna yol vermiş QHT-ləri “Prinsipial Qərbyönlü” təsisatlar kimi dəyərləndirib, aparılan yoxlamaları Qərb strukturlarının işinin əngəllənməsi kimi qələmə verdilər. Düzdür, elə Qərbin özündə də onların bu tezislərinin reallığa əsaslanmadığını deyənlər tapıldı. Məsələn, Fransanın nüfuzlu “Le Nouvel Observateur” qəzetində Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qətnaməni pisləyən tənqidi materialda belə bir ifadə diqqəti çəkdi: “Sanki, Avropada hansısa güc mərkəzi Qafqazı Rusiyanın qucağına atmaqda israr edir”. Bu tezis müxtəlif variantlarda Avropanın ən ciddi qurumlarının açıqılamalarında öz əksini tapdı.

Budur, indi Azərbaycan demokratiya, Qərb prinsiplərinə sadiq olduğunu bir daha göstərir. Mədən Hasilatı üzrə Beynəlxalq Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri xanım Kler Şortun xahişini nəzərə alan Azərbaycan Prezidenti nəinki bu koalisiyaya daxil olan QHT-lərin, o cümlədən bütün QHT sektorunun faliyyəti üçün yeni, daha rahat mühit yaradılması baxımından bir gündə üç sərəncam verir. Prezidentin sərəncamları oktyabrın 21-də, saat 15/29-da ictimailəşdirildi, KİV səhifələrinə çıxdı. Bundan cəmi 4 saat yarım sonra Qərbdən ilk reaksiya gəldi. Təsəvvür edək, 4 saat yarım ərzində bu sərəncamlar “araşdırılmış”, “münasibət bildirilmiş”, həmin münasibət Azərbaycan dilinə çevrilmiş və media Qərbin təsirində olan medianın səhifəsinə çıxmışdır! Dünyanın harasında, hansı ölkədə mədən sənayesi ilə bağlı qeyri-şəffaf proses olubsa, hamısı bir yerə toplanmış, ümumiləşdirilərək Azərbaycanın adına yazılmış, bu məqaləyə sığışdırılmış və dərc edilmişdir. Prezident sərəncamlarının verilməsi ilə Qərbdən ona verilən yanlış reaksiya arasındakı qısa zaman kəsiyinə nəzər salsaq, bu qədər operativliyin qeyri- mümkün olmasını hər kəs etiraf edər. Belə nəticə çıxır ki, əlində şər yığını olan materialları hazır saxlayan mərkəzlər var. Bu şər mərkəzi Azərbaycanın istənilən müsbət addımını dərhal qeydə alaraq, əks təbliğata başlayır.

Bəs kimlər var bu mərkəzdə? Necə və hansı prinsiplərlə idarə olunur bu mərkəz? Bu barədə növbəti yazımızda…

Müşfiq Ələsgərli
Milli.Az

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv