Qərbi Azərbaycana QAYIDIŞ: “Biz dünyanı buna inandırmalıyıq”

Qərbi Azərbaycana qayıdış mövzusu Azərbaycan diasporunun əsas prioritetlərindən biridir.

Diasporumuz Ermənistan tərəfindən zorla qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtma hüququnun tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparır. Bu fəaliyyətlər Qərbi Azərbaycandan deportasiya olunmuş insanların haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına yönəlib. Diasporumuz müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar və diplomatik səylər vasitəsilə, bu məsələni gündəmdə saxlamağa və tarixi ədalətin bərpasına nail olmağa çalışır. Qərbi Azərbaycana qayıdış, sadəcə, ərazi məsələsi deyil, həm də milli kimliyin qorunması və tarixi ədalətin təmin edilməsi məsələsidir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də təsdiqləyib ki, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün aktualdır və Qərbi azərbaycanlıların öz torpaqlarına ləyaqətli şəkildə qayıtması onların təbii haqqıdır:

“Lakin bu məsələləri dünya gündəmində təbliğ olunması daha aktual bir məsələdir. Dünyanı buna inandırmalıyıq və bunun üçün diasporun gücündən yüksək səviyyədə istifadə etməliyik. Çünki artıq erməni lobbisi Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsindən sonra yalan bəyanatlara Azərbaycanı suçlamağa başlayıb. Buna cavab tədbirləri isə verilməlidir. Yeri gəlmişkən, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi bu istiqamətdə “Qərb Azərbaycan həqiqətləri” adlı layihə keçirib. Bu layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Biz layihə çərçivəsində 13 ölkədə 20-dən artıq bu mövzuda məqalə etmişik. Bizim tərəfdaşlarımız isə xarici ölkələrdəki diaspor təşkilatları idi”.

F. Hüseynzadə hesab edir ki, diasporumuz da bu kimi layihələr keçirməlidirlər:

“Əslində, bu daha yaxşı bir haldır. Onlar yaşadıqları ölkədə media ilə sıxı işləməli, təbliğat-təşviqat kampaniyasında bu məsələlərin gündəmə gətirilməsində aktiv olmalıdırlar. Eyni zamanda, yaşadıqları ölkələrdə bu mövzularda elmi-praktiki konfranslar keçirməli, yerli xalq arasında təbliğat aparmalıdırlar. Doğrudur, bir neçə ölkədə belə tədbirlər keçirilir, lakin diasporun özünün belə tədbirlər keçirməsi daha məqbul olur.

Digər bir fəaliyyət isə Qərbi Azərbaycandan olan diaspor üzvlərinin bu istiqamətdə göstərməli olduqları aktivlikdir. Onlar yaşadıqları ölkələrin rəsmi qurumları və digər miqrantlarla əməkdaşlıq çərçivəsində layihələr, görüşlər keçirməlidirlər. Biz bu gün dünya gündəmində bununla bağlı haqqımızı çatdırmalıyıq. Biz Qərbi Azərbaycanın bizə aid olmasını dünyaya çatdırmalı və bu işdə diasporumuz öz fəaliyyətini ortaya qoymalıdır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə məsələyə fərqli yanaşıb:

“Diaspor mədəniyyət, ya zooloji maraq obyekti kimi deyil, qlobal faktor kimi baxmaq lazımdır. 3 kateqoriya diaspor fəaliyyət göstərir: dünyəvi proseslərə təsir göstərən – dünyəvi (çin, yəhudi, erməni), region (Cənub-Şərqi Asiyadakı hindlilər, Afrika) və nəhayət, dövlətlərin ikitərəfli münasibətlərində böyük rol oynayan sərhədyanı azlıq. Məsələn, Danimarka ilə sərhəd Almaniyada yaşayan danimarkalılar, Rusiya və Azərbaycanla sərhəddə yaşayan ləzgilər. Yuxarıda sadalanan bu üç kateqoriya ilə diferensial şəkildə işləmək lazımdır.

Beləliklə, diasporçuluqda ilk məsələ təşkilatçılıqdır. İkincisi elmidir: ictimai fikrin formalaşması üçün optimal siyasət və qaydalar işləyib hazırlamaqdan ibarətdir. Üçüncüsü, diaspor birliklərinin (təşkilatlarının) liderlərində siyasi mədəniyyətin tərbiyəsinin olmasıdır. Sadalanan prinsiplər daim diqqət mərkəzində olarsa, onda effektli nəticə əldə olunacaq”.

Onun sözlərinə görə, bu gün diasporun potensialını milli maraqların müdafiəsi və dövlətlərarası münasibətlərin inkişafında istifadə etmək dövlətlərin müraciət etdiyi modellərdən biridir:

“Bu modeli geniş istifadə edərək Çin, Yaponiya, Macarıstan çox gözəl işləyir. Yeni, gənc misal isə Hindistandır belələri az deyil. Xatırladaq ki, Braziliya artıq bu konsepsiyanı qəbul edib. Bu üç modelin hər biri mövcuddur, ancaq tendensiya əsasən üçüncünün xeyrinə inkişaf edir. Hər yerdə iş dəqiq hesablanıb. Çində dövlət kargüzarlığında ictimai təşkilat və fondları istiqamətləndirən xüsusi struktur vardır. Macarıstanın XİN-də isə böyük departament.
Azərbaycanda diasporla işləyən komitə vardır. Belə demək mümkünsə, dünyanın əksər inkişaf etmiş ölkələrində bu sahə prioritet sayılır. Yəni ki, sxem belədir: dövlət idarəsi üstəgəl ictimai təşkilatlar. Ancaq təkcə dövlət orqanları deyil, həm də qeyri-hökümət sektorunu bu istiqamətə yönəltmək vacibdir. Bununla yanaşı kağızlar üzərində deyil əməli iş görməlidirlər”.
“Xaricdəki Azərbaycan cəmiyyətləri və beynəlxalq QHT-lər üçün qrant layihələri verilməsi mütləqdir. Bu qrantın mövzuları Qərbi Azərbaycan, Qarabağ, Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi, turizmi və digər sahələrlə bağlı olmalıdır. Diaspor üzvlərinin bu işdə canlandırılması üçün hər ölkə üçün qrant layihələrini vermək lazımdır. Çalışmaq lazımdır ki, tək diasporumuz yox, xaricdəki QHT-lər, ali məktəblər və elmi mərkəzlərdə iştirak etsin. Məsəl üçün, kino sahəsində təhsil alan xarici tələbələr, elmi araşdırma aparan alimlər, xarici media qurumları və sairələr bu qrant layihələrində iştirak etsə iş daha effektli ola bilər. Siyasi baxışından asılı olmayaraq hər bir xaricdə yaşayan azərbaycanlıları milli işə qoşmaq lazımdır. Onlara diqqət vermək lazımdır ki, problemləri nədir və onun həlli yolu necədir. Xarici mediada azərbaycanlı diaspor üzvlərinin tez-tez çıxış etməsi üçün onlarla əməkdaşlıq etmək lazımdır. Şimallı, cənubi, türkiyəli mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlılarla eyni işləmək lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Rafi Müslümov

COP29