“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatıb. Sessiya çərçivəsində Azərbaycanın əleyhinə olan mövqelər bir daha özünü göstərib”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib.
Onun sözlərinə görə, qurumun əvvəlki illərdəki siyasəti dəyişməyib və erməni tərəfinin bütün istək və tələbləri yenə dəstəklənib.
A. Ələsgər bildirib ki, Avropa Şurasının Azərbaycana qarşı mövqeyi daha da radikallaşıb. Səbəb kimi Azərbaycanın qurumun haqsız tələblərinə reaksiya verməməsi və onların şərtlərini yerinə yetirməməsi göstərilir.
“Bu narahatlıq açıq şəkildə ifadə olunur. Məsələn, Azərbaycana qarşı cinayət törətmiş şəxslərin qeyd-şərtsiz azad edilməsi və ölkəmizə girişinə məhdudiyyət qoyulmuş bəzi avropalı parlamentarilərin yenidən buraxılması tələb edilir”, – deyə o, vurğulayıb.
Jurnalist, həmçinin sessiya çərçivəsində erməni nümayəndə heyətinin və bəzi azərbaycanlıların iştirak etdiyi bir toplantıda baş verənlərə də toxunub.
A. Ələsgərin fikrincə, bu tədbir formal olaraq bir “ispan” deputat tərəfindən təşkil edilsə də, əslində, əsas təşkilatçılardan biri Azərbaycan vətəndaşlığından çıxarılmış və ölkədən qovulmuş Emin Hüseynov olub:
“İnsanların hakimiyyətlə fikir ayrılıqları ola bilər, hətta iqtidarla müxalifətin olması da normaldır, ancaq Vətənə və dövlətə müxalifətçilik olmaz. Çox təəssüf ki, dünənki tədbiri Emin Hüseynov təşkil etsə də, tədbirin əsas qonaqları tam tərkibdə Ermənistanın AŞPA-dakı nümayəndə heyəti idi”.
“Bu toplantıda Ermənistan nümayəndə heyəti və Fransa təmsil olunurdu. Təkcə guya Azərbaycandakı “siyasi məhbuslar” məsələsi deyil, Yeni Kaledoniya ilə bağlı mövqeyimiz də tənqid olundu. Görünən odur ki, Azərbaycanın Fransanın Ermənistana silah tədarükünə qarşı atdığı addımlar onları ciddi şəkildə narahat edib”, – deyə qeyd edib.
Strasburqdakı prosesləri izləyən A. Ələsgər onu da vurğulayıb ki, bu cür təzyiqlər gözlənilən idi və Azərbaycanın haqlı mövqeyi dəyişməz olaraq qalır:
“Azərbaycanın haqlı olduğu məsələlərdə nə Avropa, nə də ABŞ qarşısında geri addım atacağı gözlənilmir. Dövlətimiz və xalqımız birlikdə Prezidentin siyasətini dəstəkləyir və bu basqılara tab gətirir”.
Rafi Müslümov