Qərbin Cənubi Qafqazda ƏSAS HƏDƏFİ: “İrəvanın tək seçimi Türkiyə və Azərbaycanla beynəlxalq layihələrə qoşulmaqdır”
“Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması Qərb ölkələrinin əsas hədəflərindən biridir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycanla sülh prosesi çərçivəsində konstitusiya ilə bağlı ortaya atdığı bəhanələrin mənfi təsirindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Yerdə qalan dörd anklav kəndin taleyi isə istənilən anda həll olunacaq.
“Sadəcə, sülh tərəfdarı olduğumuz üçün nəticənin diplomatik yolla həllini istəyirik. Əgər diplomatik çözüm tapılmırsa, məsələni ordumuz həll edir.
Ermənistanın hazırkı vəziyyətinə baxsaq xarici borcunun ÜDM-in 60%-ni keçdiyini görərik. Dövlət olaraq perspektivi yoxdur. Çünki iqtisadiyyatı çöküb. Buradan belə nəticəyə gəlmək olar ki, İrəvanın tək seçimi Türkiyə və Azərbaycanla beynəlxalq layihələrə qoşulmaqdır. Yəni sülh daha çox Ermənistana lazımdır”, – deyə o əlavə edib.
Deputat bildirib ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması Qərb ölkələrinin əsas hədəflərindən biridir.
“Okeanın o tayından, müxtəlif Avropa ölkələri, xüsusilə Fransa tərəfindən Ermənistan alət kimi istifadə edilir. Bunun isə gələcəyi yaxşı yerə getmir.
Sülh müqaviləsinin əldə olunması üçün Ermənistan özü addım atacaq, hətta yalavaracaq. Azərbaycan isə yalnız İrəvan mövqeyində dəyişiklik edib, mövcud konstitusiyadakı qonşu ölkələrə, yəni Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edərsə imzalayacaq”, – deyə deputat bildirib.
Nəsimi Ələsgərli