“Qərbdə narkomaniyanın tədricən asanlaşdırılması, onların daha yüngül formalarda orqanizmlərə öyrəşdirilməsi, satışının yavaş-yavaş leqallaşdırılması prosesi sürətləndirilib”.
Bu fikirləri dünyada narkotik vasitələrin leqallaşdırılması və onun doğura biləcəyi fəsadlar barədə danışan sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə olaraq Qərbdən gələn bu tendesiyanın qarşısını almalıyıq:
“Artıq sirr deyil ki, Qərb mərkəzli qlobal qüvvələr dünya ölkələrini mənəvi deqradasiyaya məruz qoymaq, kütlələri zombiləşdirmək, xəstələndirmək, psixoloji problemlərə düçar etmək üçün açıq şəkildə çoxlu sayda proqram işləyib hazırlayaraq tətbiq edirlər. Həmin qlobal dairələr narkomaniyanın, satanist əyləncə sistemlərinin tətbiqi ilə cəmiyyətdə, xüsusilə Şərq cəmiyyətində ənənəvi dəyərlərin məhv edilməsi kimi hadisələri həyata keçirməklə sanki qlobal zombi imperiyası yaratmağa çalışırlar.
Hətta bu məsələlərə yüzminlərlə pul xərclənilir. Burada məqsəd açıq şəkildə ailə institutunun dağıldılmasıdır. Buna görə də Qərbdə narkomaniyanın tədricən asanlaşdırılması, onların daha yüngül formalarda orqanizmlərə öyrəşdirilməsi, satışının yavaş-yavaş leqallaşdırılması prosesinə başlanılıb. Düşünürəm ki, bir xalqın ən böyük düşməni narkomaniyadır. Ona görə də bu məsələlər daim gündəmdə olmalı, dövlət adamlarımız, jurnalistlərimiz daim bu problemi diqqətdə saxlamalıdırlar.
Biz ölkə olaraq Qərbdən gələn bu tendesiyanın qarşısını almalıyıq. Lakin son 30 ildə Qərbdən mənəvi dəyərlər, texnologiya, infrastruktur baxımından müsbət addımları götürmək əvəzinə, murdar, psixoloji qanunlara, normalara zidd və zərərli hərəkətlər mənimsədik. Əgər Qərb bizim cəmiyyətimizə yardımçı olmaq istəyirsə, bunu elmlə, texnologiya ilə etməlidir. Düşünürəm ki, bunun qarşısı dövlət tərəfindən alınmalıdır”
İsmayıl Bakuvi