Qərbin dəyişən STRATEGİYASI: Yaxın Şərqdəki gərginliyin alovlanması daha çox kimə sərf edir? – AÇIQLAMA

“Ukraynanın daha ağır vəziyyətə düşməsindənsə, danışıqlar masasına oturması məqsədəuyğundur”.

Bunu Yenicag.az-a açıqlamasında İsrail-İran münaqişəsinin Rusiya-Ukrayna müharibəsinə təsirindən danışan politoloq Anar Əliyev deyib.


Onun sözlərinə görə, İsrailin Suriyada İran konsulluğuna zərbələr endirməsi mövcud münasibətləri daha da gərginləşdirib.

“İran praktiki addımlar ataraq İsrailə dron və raketlərlə hücum etdi. Nəticə isə göz qarşısındadır. İsrail hava hücumundan müdafiə sistemləri və müttəfiqlərinin dəstəyi ilə bu hücumun effektiv nəticələr doğurmasına imkan vermədi”, – deyə o, əlavə edib.

Politoloq qeyd edib ki, öncədən hücumla bağlı məlumatların verilməsi, zəif sürətli dronlardan istifadə, bir neçə dalğa ilə əməliyyatların keçirilməsi, eyni zamanda İranın “Qisas” hücumunu dayandırması və davamının olmayacağını bəyan etməsi Tehranın Qərblə açıq münaqişəyə getmək istəmədiyinin göstəricisidir:
“Eyni zamanda, İsrail-İran münaqişəsinin pik həddə çatması və nəzarətdən çıxması ABŞ administrasiyası üçün arzuolunmaz haldır.

Çünki İrana zərbələr endirilsə də, qısa zaman ərzində Tehranın süqutu qeyri-mümkündür. Nəticədə yarana biləcək uzunmüddətli münaqişə Rusiya-Ukrayna müharibəsi fonunda yalnız Rusiyaya və iqtisadi gücü ilə regiona daxil olmaq istəyən Çinə sərf etsə də, nə bölgə dövlətlərinin, nə də qlobal güclərin marağına uyğun deyil.

Yaxın və Orta Şərqdə genişmiqyaslı münaqişə ocağı Rusiyaya kömək edəcək vasitədir. Qərbin diqqətinin Ukraynaya deyil, Orta Şərqə fokuslanması Kremlin daha geniş hərbi əməliyyatlar keçirə bilməsi üçün fürsətdir. Yaxın perspektivə ABŞ-nin və Avropanın Kiyevə yardımlarının zəifləməsi fonunda Rusiyanın daha ciddi həmlələr həyata keçirib, Ukraynaya qarşı uğurlu hərbi nəticələr əldə etməsi mümkündür. Bu isə elə Qərbin özünə də sərf edən variantdır. Nəticə etibarilə Ukraynanın daha ağır vəziyyətə düşməsindənsə danışıqlar masasına oturması məqsədəuyğundur”.

Nəsimi Ələsgərli

COP29