“Rusiya Ermənistanın bu gün Qərb imperialistlərinin vecinə olmadığını və məqsədlərinin başqa olduğunun fərqindədir”.
Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Maria Zaxarovanın Ermənistanın Moskvanın davamlı çağırışlarına məhəl qoymaması haqda dediklərini şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qərb Ermənistan ərazisində kəşfiyyat plasdarmı quraraq Rusiyanın siyasi rəhbərliyi əleyhinə fəaliyyətini genişləndirməkdədir:
“Onun iddiası bizim üçün fərqli yanaşma deyil. Rusiyanın regionda mövcudluğunu qoruyub saxlamaq niyyəti məlumdur. Əlavə olaraq, Kreml həm də Qərb casus şəbəkəsinin Ermənistan üzərindən ona qarşı hazırladığı ssenarinin də fərqindədir.
Həmçinin Rusiya rəhbərliyi bu gün Avropa İttifaqının mülki-müşahidə missiyası adı altında Ermənistanda casus şəbəkəsinin fəaliyyət göstərdiyini bilir. Həmin şəbəkənin ilk və əsas hədəfi Rusiyadır. Yəni Qərb Ermənistan ərazisində kəşfiyyat plasdarmı quraraq Rusiyanın siyasi rəhbərliyi əleyhinə fəaliyyətini genişləndirməkdədir.
Bu baxımdan, Zaxarovanın verdiyi açıqlama Qərbin Ermənistanda fəallığını xeyli artırmasına yönəlik mövqe ifadəsidir. Təbii, Rusiya Qərbin sistemli şəkildə Ermənistanı dəstəkləməsindən çox ciddi narahatdır. Çünki Qərbin Cənubi Qafqazda formalaşa biləcək regional və qlobal əhəmiyyətli nəqliyyat, tranzit, kommunikasiya layihələrini Ermənistan vasitəsilə sabotaj etməsi böyük problemlərə səbəb ola bilər.
Rusiya Ermənistanın bu gün Qərb imperialistlərinin vecinə olmadığını və məqsədlərinin başqa olduğunun da fərqindədir. Bir sözlə, əsas məqsəd Ermənistan vasitəsilə regionda möhkəmlənmək və Cənubi Qafqazda özünün mövcudluğunu təmin etməkdir. Bunu yaxşı başa düşən Rusiya Qərb siyasi çevrələrinə və Ermənistan hakimiyyətinə qarşı qəzəblidir”.
Nəsimi Ələsgərli