“Qərbin Ermənistanla bağlı əsas məqsədi bu ölkəni Rusiyadan uzaqlaşdırmaq və özlərinin hərbi mövcudluğunu reallaşdırmaqdır”.
Bunu Yenicag.az-a açıqlamasında regionda baş verən qarışıq proseslər fonunda yaxın perspektivdə müşahidə oluna biləcək hadisələrdən danışan Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin səriştəsizliyi və Qərb yönümlü hərəkətləri ölkə daxili vəziyyətdə gərginlik yaradıb.
“Aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken, Avropa Komisisyasının prezidenti Ursula Fon der Leyen və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Ermənistanın Rusiyadan iqtisadi asıllığını azaltmaq üçün 350 milyon dollar yardımın ayrılacağını bildirdilər”, -deyə o əlavə edib.
Deputat qeyd edib ki, əslində, Qərb Ermənistanda Paşinyan hakimiyyətinə həmişə yardımlar edib. “O cümlədən, qarşıdan gələn dörd il də ayrılması nəzərdə tutulan maliyyə yardımı mövcuddur. Lakin bu addımlar Ermənistanın Rusiyadan iqtisadi asıllığının aradan qaldırılmasında heç bir rol oynamayacaq. Çünki Ermənistanın xarici ticarət dövriyyəsinin yarısınıdan çox hissəsi Rusiya ilə bağlıdır. Qərbin Ermənistanda hərbi mövcudluğunu reallaşdırmaq və Rusiyanı sıxışdırmaq siyasəti Kreml tərəfindən heç də yaxşı qarşılanmır. Çünki Ermənistanı bir dövlət kimi regiona salan Rusiyadır”, – deputat bildirib.
A.Badamov vurğulayıb ki, I Pyotr Osmanlıdan və ərəb ölkələrindən erməniləri köçürməklə Azərbaycan torpaqları üzərində onlar üçün dövlət yaratmağa çalışıb:
“Tarixən Rusiyanın dəstəyi ilə zaman-zaman Azərbaycan əraziləri hesabına ərazilərini genişləndirə bilib. Bu gün ermənilər Ermənistandan çox Rusiyada yaşayırlar. Sadalanan amillər Rusiyaya Ermənistan üzərində nəzarətini saxlamağa imkan verir. Ermənistanda baş verən narazılıqlar da Rusiyayönümlü qüvvələrin təşkilatçılığı ilə baş verir. Çünki ağlı başında olan ermənilər Qərbin siyasətinə aldanan heç bir ölkədə sabitlik və inkişaf olmadığını yaxşı bilir. Ermənistanın gələcəyi Qərbə yaxınlaşmaqla heç də yaxşı yerə getmir.
Bu gün Ermənistanda baş verən narazılıq dalğası genişlənəcək, Paşinyan hakimiyyəti isə iflasa uğrayacaq. Paşinyan vaxtında Qərbyönümlü siyasət yolundan dönərsə və Azərbaycanla əlaqələrin normallaşdırılması prosesini davam etdirərsə, özünün hakimiyyətdə mövqelərini yenidən möhkəmləndirə bilər. Əks halda, Paşinyanın hakimiyyətə qalması sual altında olacaq”.
Nəsimi Ələsgərli