“Kollektiv Qərbin metodu ondan ibarətdir ki, onlar dünyaya hegemonluq etsin və dünyanın digər ölkələrinə öz maraqlarını təzyiqlər və basqılarla qəbul etdirsin”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi Azərbaycanın BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika – red.) qoşulmaqla bağlı rəsmi müraciətini və bunun səbəblərini şərh edib.
Onun sözlərinə görə, artıq yeni dünya nizamının qurulması istiqamətində bu meyllər açıq-aşkar müşahidə olunub:
“Dünyada kollektiv Qərbin imperialist hədəflərinə cavab olaraq BRICS təşkilatı yaradılıb ki, bu təşkilat ümumi şəkildə onların hədəflərinə müqavimət göstərən, onların hegemonluğu altında mövcudluğunu davam etdirmək niyyətində olmayan dövlətlərin təşkilatlanma cəhdidir. Qısacası, BRICS kollektiv Qərbə müqavimət qurumudur”.
E. Xalidbəyli əmindir ki, ABŞ Avropa İttifaqı (Aİ) və NATO-nu arxasına alaraq, dünya hegemonluğunda öz siyasi rıçaqlarından istifadə etmək niyyətindədir ki, BRICS də buna mane olur:
“BRICS-də təmsil olunan dövlətlər isə geniş iqtisadi potensiala malik olan ölkələrdir. Ona görə də Azərbaycan gələcək perspektivi ilə bağlı seçim etmək məcburiyyətində qaldı. Çünki ABŞ, Aİ və Fransa Azərbaycana qarşı, demək olar ki, düşmən siyasəti yürüdürlər, Ermənistanı silahlandırıb, ölkəmizə qarşı revanşist meyllərə yönəldirlər. Onlar Cənubi Qafqazda yerləşmək üçün Azərbaycanın maraqlarını hesaba almadan Ermənistanın gücləndirilməsinə çalışırlar. Təbii ki, rəsmi Bakı gələcəyə yönəlmiş iqtisadi islahatlar baxımından müəyyən addımlar atmalıdır. Ona görə də Azərbaycan indiki situasiyada həm BRICS-ə üzv olmaq istəyir, həm də iqtisadi-ticari baxımdan böyük əhəmiyyət daşıyan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq niyyətini büruzə verir”.
“Azərbaycan sözügedən qurumlara üzv olarsa, bu, gələcək tariximizdə müsbətə doğru böyük bir addım olar. Çünki onu da nəzərə almaq lazımdır ki, Azərbaycan 2 qitənin qovşağındadır və dünyanın ən önəmli ölkələrindən biridir. Bütün bunları nəzərə aldıqda, Azərbaycanın BRICS-ə qoşulma müraciəti, eləcə də ŞƏT-ə qatılmaq niyyəti Azərbaycanın gələcək taleyi baxımından, tamamilə doğru və vaxtında atılmış bir addımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov