Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri və qlobal ekoloji problemlərin həllinə verdiyi töhfə dünya birliyində nümunə kimi dəyərləndirilir. Bakı bu beynəlxalq platformada liderlik missiyasını uğurla həyata keçirir, iqlim dəyişikliklərinə qarşı mübarizədə qətiyyətli və prinsipial mövqeyi ilə seçilir. Bu addımlar ölkəmizin həm regional, həm də beynəlxalq səviyyədəki nüfuzunu daha da artırır. Lakin təəssüf ki, bəzi xarici dairələr Azərbaycanın bu möhtəşəm uğurlarını qaralamaq və COP29-u gözdən salmaq üçün xüsusi kampaniya aparırlar.
Yenicag.az xəbər verir ki, bu kampaniyanın arxasında Qərbin bəzi anti-Azərbaycan dairələrinin və erməni lobbisinin olduğu heç kimə sirr deyil. Çünki bu qüvvələr Azərbaycanın güclənməsini, regiondakı liderlik rolunu qəbul etmək istəmirlər. COP29-u hədəfə alan qarayaxma fəaliyyətləri də məhz bu reallıqdan qaynaqlanır. Onların məqsədi aydındır: Azərbaycanın ekoloji və qlobal siyasət sahəsindəki uğurlarını kölgədə qoymaq və beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı yanlış rəy formalaşdırmaq.
Qəribəsi odur ki, ermənipərəst şəbəkələr bu məqsəd uğrunda hər cür vasitədən istifadə edir. Sosial media, beynəlxalq təşkilatların bəzi üzvləri və Qərb mediasının bir hissəsi bu kampaniyanın aktiv iştirakçılarıdır. Əsas hədəf isə Azərbaycanın iqlim siyasətini gözdən salmaq və COP29-un mahiyyətinə xələl gətirməkdir. Lakin bu təxribatların heç birinin uğurlu olacağı gözlənilmir, çünki Azərbaycanın ekoloji siyasəti həm şəffaf, həm də effektivdir.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan COP29 çərçivəsində davamlı inkişaf, alternativ enerji mənbələrinin tətbiqi və ətraf mühitin qorunması sahəsində mühüm təşəbbüslər irəli sürür. Qarabağda ekoloji tarazlığın bərpası, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan edilməsi kimi layihələr də bu siyasətin bariz nümunəsidir. Odur ki, dünya birliyi Azərbaycanın bu təşəbbüslərini alqışlayır, COP29 isə Bakının bu istiqamətdəki uğurlarını dünyaya təqdim etmək üçün unikal bir platformadır.
Maraqlıdır, Azərbaycanın apardığı ekoloji siyasət bir çox ölkələrə nümunə olduğu halda, erməni lobbisinin və onların tərəfdarlarının yaratdığı bu qarayaxma kampaniyaları nəinki səmərəsizdir, əksinə, ölkəmizin bu sahədəki liderliyini daha da parlaq şəkildə nümayiş etdirir. Azərbaycanın beynəlxalq səviyyədəki nüfuzu artdıqca, bu cür təxribatlar da, sadəcə, erməni lobbisinin çarəsizliyini və anti-Azərbaycan dairələrinin qərəzliliyini bir daha sübut edir.
Qısacası, dünya artıq reallıqları görür. COP29 da Azərbaycanın davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində qlobal nümunəyə çevrilən fəaliyyətlərinin təcəssümüdür. Bu reallıq isə indi ermənipərəst qüvvələrin yalanlarını və təxribatlarını darmadağın edir. Lakin deməliyik ki, Azərbaycanın prinsipial və qətiyyətli siyasəti, eləcə də xalqımızın bu sahədəki həmrəyliyi bütün qarayaxmalara cavabdır. COP29 sözümüzü, haqqımızı deməyə və gücümüzü dünyaya göstərmək üçün tarixi bir andır və bu tarixi nəinki erməni lobbisi, heç onların hamiləri də kölgəyə sala bilməz.
Rafi Müslümov