Qərbin məkrli PLANI: “Bu maraqların təmin olunmasında yeganə vasitə Ermənistandır”

“Qərb tez bir zamanda hansısa sənədin imzalanmasını istəyir. Lakin gələcəkdə münaqişəni alovlandıra biləcək detalları saxlamaqda maraqlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərabycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin perspektivlərindən danışan politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayında birbaşa təmaslarla əsirlərin dəyişdirilməsinə nail olunması Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində praqmatik addım kimi qiymətləndirildi.

“Sonrakı dövrlərdə də birbaşa təmaslardan istifadə edərək hər iki tərəf sülhün əldə olunması üçün addımlar atdılar. Azərbaycan beynəlxalq hüququnun prinsiplərinə uyğun ədalətli sülh şərtlərini təqdim edərək Cənubi Qafqazda əmin-amanlığın bərqərar olmasını istəyir. Lakin istər 44 günlük müharibəyə qədər, istərsə də sonra Ermənistanın immitasiya fəaliyyəti açıq-aydın ortadadır. 30 il boyunca müzakirələrdə iştirak edərək məsələnin həllini istədiyini göstərməyə çalışsa da torpaqlarımızı işğal altında saxlayırdı. Bu isə yalnız və yalnız Ermənistan vaxt udmağa çalışdığının göstəricisidir”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsində İrəvanın maraqlı olması təsadüfi deyil.
“Çünki həmin platformadan Ermənistan hər zaman dəstək görüb. Ancaq indi reallıqlar fərqlidir. Azərbaycan öz ərazilərini işğaldan azad edib və regionda yeni reallıqlar formalaşdırıb. Ermənistan bunu qəbul etmək məcburiyyətindədir.

Azərbaycan məsələni birdəfəlik həll etməyin tərəfdarıdır. Ermənistan isə gələcəkdə manevr imkanlarını qorumaq üçün sənəd imzalanmasını istəyir. Lakin dayanıqlı sülhün əldə edilməsi üçün İrəvan konstitusiyada Azərbaycana qarşı ərazi iddiası olan bəndlərə düzəliş etməli, eyni zamanda proseslərin istiqamətini diktə edən Bakının ədalətli tələblərinə razılıq verməlidir. Qərbin və digər qüvvələrin oyunlarına alət olmamalıdır.

Düzdür, Qərb tez bir zamanda hansısa sənədin imzalanmasını istəyir. Lakin gələcəkdə münaqişəni alovlandıra biləcək detalları saxlamaqda maraqlıdır. Bu isə Cənubi Qafqazda sabitliyin pozulması ilə regionda xarici qüvvələrin təsir imkanlarının artması deməkdir. Həmin maraqların təmin olunması üçün yeganə vasitə Ermənistandır. İrəvan özünü belə planlarının vasitəçisinə çevirməməli və dayanıqlı sülhün əldə olunması üçün müqaviləni imzalamalıdır”, – deəy politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29