Qərbin Moskvanı hiddətləndirəcək YENİ PLANI: “Ermənistanın bölüşdürülməsi prosesində…”

“Hazırlıqların əsas məqsədi Ermənistanla Gürcüstanı “qoparıb” NATO məkanına daxil etməkdir”.

Bu fikirləri Ermənistanın Fransadan aldığı silahların yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmaması və Parisin regiondakı xüsusi maraqlarını dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Fransa indiki mərhələdə öz maraqlarını təmin etmək üçün Ermənistana silah ötürür:

“44 günlük müharibədən sonra Ermənistan silahlı qüvvələrində komplektləşmə heç 30-40 faiz də deyil. Yəni bölmələr var, ancaq ştat strukturuna uyğun qaydada silahlanma yoxdur.

Transmilli korporasiyaların bizim təsəvvür etdiyimiz silahları Ermənistana satması üçün İrəvanın büdcəsi yetərli deyil. Ermənistanın buna imkanı olmadığından, görüntü üçün olsa da, bəzi silahlar almaq və onların müdafiə xarakterli olduğunu bəyan etmək məcburiyyətindədir.

Hazırda Ermənistan Fransadan hava hücumundan müdafiə və radiolokasiya sistemləri alır. Bildiyiniz kimi, Fransa Ermənistanda 200 nəfərlik mülki missiya yerləşdirib. Həmin missiya postlara, şərti sərhədə, müşahidə məntəqələrinə səfərlərinin məhz Fransanın Ermənistana göndərdiyi “Bastion” zirehli maşınları ilə həyata keçirə bilər. Ancaq 20 ədəd “Bastion” Ermənistan ordusunu nə qədər gücləndirə bilər?

Eyni zamanda, Avropa İttifaqının Ermənistandakı missiyası da hərbi sistemə keçəcək və onun təmsilçilərinin səfərləri də “Bastion”larla həyata keçiriləcək. Ona görə də düşünürəm ki, Fransa “Bastion”ları Ermənistana satmayıb, ötürüb. Avropa İttifaqının missiyası Azərbaycanla sərhəddə patrul xidməti aparsa, təəccüblənməməliyik.

Açıq görünür ki, Fransa Ermənistanda real müstəviyə çıxmaqda qərarlıdır. Lakin bunun üçün Fransanın həm siyasi, həm də hərbi dəstəyə ehtiyacı var. Siyasi dəstək baxımından, Avropa İttifaqı bütün məsələlərdə Ermənistanı dəstəkləyəcəyini bəyan edib. Sahədə onlara qarşı çıxacaq tərəf Rusiyadır. Bunu nəzərə alaraq Ermənistan ordusunu müəyyən vəziyyətə çatdırmaq istəyirlər ki, mümkün qarşıdurmada Rusiyaya bir müddət müqavimət göstərə bilsin.

Ermənistanın indiki silahlanması Azərbaycana hücum məqsədi daşımır. Bunun ən azı yaxın perspektiv üçün belə olduğunu deyə bilərik. Ancaq uzaq perspektivdə maliyyə durumu imkan versə, təxminən 3-5 il sonra vəziyyətin dəyişməsi mümkündür. Konkret desək, hazırda Ermənistanın bölüşdürlməsi prosesinə başlanılıb. Bu böyük plan Azərbaycana qarşı deyil. Məqsəd Ermənistanla Gürcüstanı “qoparıb” NATO məkanına daxil etməkdir”.

Səxavət Məmməd

COP29