Qərbin müharibə HƏDƏFİ: “ABŞ Ukraynanın yaxın zamanda qələbəsini istəmir”

“Ukrayna ilə Rusiya arasındakı uzunmüddətli müharibə bu gün ABŞ və Ukraynaya hərbi dəstək verən digər Qərb dövlətlərinin hər birinin marağındadır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq ABŞ prezidenti Co Baydeninin BMT Baş Assambleyasının 79-cu sessiyasında beynəlxalq ali qurumun kürsüsündən Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Açıq demək lazımdır ki, bu gün müharibə hər nə qədər Ukrayna ərazisində getsə də, bu savaş artıq Rusiya-Ukrayna savaşı kontekstindən çıxıb və Qərblə Rusiya arasındakı müharibəyə çevrilib. ABŞ başda olmaqla Qərb dövlətləri kifayət qədər yaxşı başa düşür ki, bu gün Ukraynaya dəstəyin dayandırılması Rusiyanın tez bir zamanda Ukrayna üzərində qələbə çalması ilə nəticələnəcək ki, bu da Qərbin maraqlarına cavab vermir”, – deyə həmsöhbətimiz bildirib.

Siyasi ekspertin fikrincə, Qərb üçün müharibənin maksimum şəkildə uzadılması lazımdır, çünki müharibənin uzadılması həm Rusiyanın iqtisadi cəhətdən çökməsinə, həm onun valyuta ehtiyatlarının, həm də hərbi arsenalının azalmasına gətirib çıxarır:

“Bu proses də bu gün baş verməkdədir. Hər nə qədər Rusiya iqtisadi artım tempindən danışsa da, nəticə etibarilə, Rusiyanın regionlarında iqtisadi vəziyyətin hansı dərəcədə acınacaqlı durumda olduğu hər kəsə bəllidir. Rusiya kimi dünyanın zamanında silah və texnika baxımından aparıcı ölkələrindən birinin indi İran kimi ölkələrə ağız açmaq məcburiyyətində qalması Rusiyanın özünün hərbi potensialının tükəndiyini deməyə əsas verir”.

R. Bayramov vuruğulayıb ki, bütün bunlar Qərbin marağındadır və Qərb Rusiya-Ukrayna müharibəsindən istədiyini böyük ölçüdə alıb:

“Məqsəd Rusiyanın qonşuluğunda digər bir slavyan ölkəsini Rusiya ilə düşmənə çevirməkdən və NATO-nun şərqə doğru genişlənməsindən ibarət idisə, buna da nail oldular. Bilirik ki, Ukrayna hər nə qədər NATO-ya üzv olmasalar da, Finlandiya və İsveçin NATO-ya üzvlüyü faktiki olaraq bu qurumun Rusiya ilə sərhədlərini 2 dəfədən artıq genişləndirməsi anlamına gəlir”.

Qarşıya qoyulan hədəf sadaladığım məsələlər idi ki, bu proses də hazırda gedir. Ona görə də indiki mərhələdə Qərb müharibənin uzanmasının tərəfdarıdır. Bu gün ABŞ hətta Ukraynanın tez bir zamanda müharibədə qələbəsini də istəmir. Çünki Ukraynanın silah-sursata ehtiyacı olan zaman onun verilməsi istiqamətində nə qədər ləngimələr baş verdiyini görürük. Yaxud uzun müddət idi ki, uzaqmənzilli silahların Ukraynaya verilməsindən imtina olunurdu. Hələ də söz verilən qırıcı təyyarələrin böyük hissəsinin çatdırılması ilə bağlı problemlər var”, – mütəxəssis əlavə edib.

Onun qənaətinə görə, başqa sözlə, bu gün Qərb Ukraynanın hətta yarısının belə işğalı fonunda müharibənin davam etməsinin tərəfdarıdır:

“Buna paralel olaraq da Rusiyanın digər regionlardakı nüfuz dairəsində olan ərazilərin ələ keçirilməsi istiqamətində artıq fəaliyyətə başlayıb. Bu gün Rusiya-Ukrayna müharibəsinin baş verməsi həm də bu dövlətin Cənubi Qafqazdakı mövqelərinin də zəiflədilməsinə gətirib çıxarır. Qərb aktiv şəkildə bu istiqamətdə fəaliyyət həyata keçirir. Bu baxımdan, təbii olaraq Vaşinqton savaşın davam etdirilməsində maraqlıdır”.

Politoloq diqqətə çatdırıb ki, Volodimir Zelenskinin sülh planına gəldikdə isə indiyə qədər çoxlu sayda sülh planları olub:

“Amma onun ən effektlisi İstanbulda əldə olunan razılaşma idi. Daha sonra Qətərin vasitəçiliyi ilə də tərəflər arasında müəyyən yaxınlaşma hiss olunmuşdu, amma Kursk əməliyyatları həmin razılaşmanı da bir kənara qoydu. İndi də Rusiyanın özünün iştirakı olmadan nə qədər sülh layihəsi ortaya qoyulursa qoyulsun, bu elə bir effekt verməyəcək. Zelenskinin sözügedən sülh planı ilə bağlı açıqlamasına Rusiyanın reaksiyası isə o oldu ki, sülh forumunda Moskva iştirak etmək niyyətində deyil.

Təbii ki, Rusiya da tükənib, o da hansısa yolla sülhün əldə olunmasına çalışır, amma maksimum qələbə ilə. Yəni ən azından ələ keçirdiyi əraziləri özündə saxlamaq şərti ilə buna nail olmaq istəyir ki, b uda Ukraynaya sərf etmir. Ona görə də indiki mərhələdə tez bir zamanda sülhün əldə olunmasından danışmaq mənasızdır”.

Rafi Müslümov

COP29