Qərbin müharibədə köməksiz qoyduğu UKRAYNA: “Rusiyanın təşəbbüsü ələ keçirməsi və…”

“Əgər belə davam edəcəksə, Ukraynanın Rusiya ilə əlverişsiz şərtlərlə hansısa sazişə gedəcəyi istisna deyil”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişini və gözlənilənləri dəyərləndirən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmov bildirib ki, Qərb Ukraynanı Rusiya ilə savaş meydanında demək olar, tək qoyub:

“Əvvələr ABŞ, Avropa İttifaqı, NATO Ukraynaya hərtərəfli yardım edirdi. Yəni Ukrayna bu yardımlar sayəsində istər maliyyə, istərsə də silah baxımından korluq çəkmirdi. Ancaq Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və münaqişənin alovlanması vəziyyəti dəyişdi.

Yaranmış şəraitdə Qərb ölkələrinin çoxunda Ukraynaya yardım məsələsində ciddi tərəddüdlər yaranıb. Yalnız Almaniya Ukraynaya yardımı artıracağını bəyan edib. Bu ərəfədə ABŞ İsrailə 15 milyard dollar həcmində maliyyə ayırsa da, Ukraynaya maddi dəstəklə bağlı heç bir addım atılmadı.

Ona görə də müharibəyə sərf olunan maliyyəni artıran və öz hərbi sənayesini tam potensialı ilə hərəkətə gətirən Rusiya cəbhədə təşəbbüsü tədricən ələ keçirərək vəziyyəti öz xeyrinə dəyişməkdədir. Bu səbəbdən, Rusiya hücumların intensivliyini artırır və bəzi istiqamətlərdə irəliləməyə nail olub.

Bütün bunlar Ukraynanın asan olmayan durumunu daha da çətinləşdirib və əlavə problemlərə yol açıb. Bundan başqa, ukraynalı gənclərin Avropaya axını nəticəsində ordunun komplektləşdirilməsində də ciddi problemlər özünü göstərməkdədir. Zelenski artıq əvvəlki kimi qətiyyətli bəyanatlar vermir. Əgər belə davam edəcəksə, Ukraynanın Rusiya ilə əlverişsiz şərtlərlə hansısa sazişə gedəcəyi istisna deyil”.

Səxavət Məmməd

COP29