!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin sülh danışıqlarına YENİ MÜDAXİLƏSİ: “Yanvara qədər...”

!Reklam – Yazi

“ABŞ və Avropa İttifaqı təkcə bu gün deyil ki, Azərbaycan və Ermənistan münasibətlərinə hər hansı formada təsir edib müdaxilə etsin, əksinə, bu proses zaman-zaman olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Siyasi təhlilçi ABŞ Dövlət Departamenti tərəfindən Vaşinqtonun Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosedurunun qaydalarının formalaşdırılmasını yüksək qiymətləndirməsi ilə bağlı yayımladığı bəyanata, habelə Birləşmiş Ştatların sülh danışıqlarına yeni müdaxilə ehtimallarına şərh edib.

Ə. İbrahimovun fikrincə, sözügedən proses 2020-ci ildən bəri belədir və mütəmadi olaraq ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən belə fikirlər səsləndirilir:

“Bundan başqa, onlar ciddi cəhdlə proseslərə müdaxilə etməyə çalışırlar. Amma Azərbaycanın bu istiqamətdə tutduğu mövqe onlara imkan vermir ki, öz istəklərinə nail olsunlar. Yəni istədikləri formada müdaxilə edib Ermənistana yetərincə yardım etsinlər.

Digər tərəfdən, Rusiya da bu məsələ ilə bağlı öz gündəliyini irəli sürür və Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etdirilməsində öz təkliflərini təqdim edir. Bu təkliflər Avropa İttifaqı və ABŞ-nin təklifləri kimi məhz görüşün özlərinin moderatorluğu altında keçirilməsi kimi qiymətləndirilir. Lakin Azərbaycan bütün tərəflərin təkliflərini və müdaxilələrini dəf edə bilib. Bu gün nə Avropa İttifaqı, nə də ABŞ bu istiqamətdə Azərbaycana təzyiq etmək imkanlarına malik deyillər”.

Analitikin qənaətinə görə, ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanlandığı son 2 məktubunda da bu məsələ artıq görünürdü:

“Hiss olunur ki, Vaşinqton artıq yüksək ton əvəzinə, xahiş dili ilə danışır. Eyni zamanda, Azərbaycan və Ermənistan arasındakı yaxınlaşmanın istənilən formasını yüksək səviyyədə alqışlayırlar. Onlar çox istəyərdilər ki, bu münasibətlərə müdaxilə edib öz gündəliklərini ortaya qoysunlar. Xüsusilə də ABŞ çox çevik şəkildə çalışırdı ki, prezident seçkilərinə qədər nəyəsə nail ola bilsin, amma bunu bacarmadılar. İndi də Vaşinqton çalışır ki, yanvara qədər buna nail olsun, lakin, hesab edirəm ki, bu da alınmayacaq və ABŞ-nin hər hansı bir müdaxiləsi nəticə verməyəcək”.

“Çünki bu müdaxilə Azərbaycanın mənafelərini nəzərə almır və Ermənistana yardım etmə məqsədi güdür. Məhz buna görə də rəsmi Bakı tərəflərin təkliflərini qəbul etmədən ikitərəfli danışıqlar istiqamətində israrlıdır. Azərbaycan nə Avropa İttifaqı, nə ABŞ, nə də Rusiyanın təklifini deyil, əksinə, ikitərəfli danışıqların aparılmasında maraqlıdır. Düşünürəm ki, ABŞ-nin son cəhdləri nəticə verməyəcək. Azərbaycan əvvəldən olduğu kimi analoji siyasətini davam etdirib bu istiqamətdə öz gündəliyini irəli sürəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv