“Ya Azərbaycan Ermənistana möhkəm qulaqburması verməlidir, ya da dörd kənddən imtina etməlidir”.
Bu fikirləri Qazaxın işğal altında qalan kəndlərinin azad edilməsi məsələsində Ermənistanın qeyri-müəyyən davranışlarını və böyük dövlətlərin regionda gərginliyin qalmasında maraqlı olmalarının səbəblərini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Partiya sədrinin sözlərinə görə, əgər Ermənistanla Azərbaycan arasında münasibətlər yumuşalsa, Qərbin və Rusiyanın “alibi”ləri əllərindən çıxa bilər:
“Paşinyanın bütün hərəkətləri, bəyanatları özünün mövqeyi deyil. O sadəcə olaraq, başqalarının fikirlərini ifadə edir. Adam müstəqil fikir demək istəyən kimi qarşısına fərqli şeylər qoyurlar. Paşinyan elə vəziyyətdədir ki, nə Rusiyadan tam qopa, nə də Qərbə inteqrasiya edə bilir. Bilir ki, Rusiya tərəfdən istənilən tədbirlər görüləndə, onu yeni ağalarının müdafiə edəcəyindən əmin deyil.
Paşinyan Azərbaycanla münasibətdə də tam əmin addım ata bilmir. Sülh məsələsi gündəmə gələndə, ona deyirlər ki, hələ lazım deyil. Paşinyan 4 kəndi verəndə, sülhə yaxınlaşmış olacaq. Sülh və sabitlik olan yerdə üçüncü qüvvənin olması absurddur.
Qərb bilir ki, Ermənistanın dörd kəndi qaytarması ilə Azərbaycan tərəfi yumşaq mövqe sərgiləyəcək. Əgər Azərbaycandan sərt reaksiya olmayacaqsa, o zaman Qərb ölkələri Ermənistana hansı adla qoşun yeridəcək, müşahidə missiyası göndərəcək? Əgər münasibətlər yumuşalsa, Qərbin və Rusiyanın “alibi”ləri əllərindən çıxa bilər.
Bu səbəbdən, Ermənistan sülhə razılaşmağa qoymurlar. Onlara lazımdır ki, regionda daim gərginlik olsun. Ermənistanın Azərbaycandan çəkinməsini istəyirlər. Ona görə də, bu məsələ uzanacaq. Ya Azərbaycan Ermənistana möhkəm qulaqburması verməlidir, ya da dörd kənddən imtina etməlidir.
Hərçənd dörd kənd ifadəsi ilə razı deyiləm. 1920-ci ildən sonra bizim kəndlərimizi Ermənistana elə veriblər ki, onların bir çoxu anklav vəziyyətinə düşüb. Anklav sözünü də qəbul etmirəm. Oralar Azərbaycan ərazisidir. Bölgünü qəbul etməsəm də, hər halda dörd kənd dərhal qautarılmalıdır. Bunun qaytarılmaması müharibə səbəbidir. Qərb də bu çərçivədə müharibə səbəbinin qalmasında maraqlıdır”.
Səxavət Məmməd