Qərblə Rusiyanın Qafqazda toqquşan maraqları: Bakı ilə İrəvanın mövqeyi nə olmalıdır? – Səxavət Məmməd yazır
Qarabağdan Ermənistana, Azərbaycandan Naxçıvana kommunikasiya xətlərinin gələcək taleyi yumşaq mərhələyə keçdi.
Münxen görüşünə qədər Azərbaycan tərəfi nəyin bahasına olursa-olsun, açılacağını deyirdi, erməni tərəfi də bunun əksini. Tərəflər artıq məntiqi reallığa yaxınlaşırlar.
Sentyabrdakı sərhəd toqquşması Zəngəzur dəhlizi mövzusunun pik həddi idi. Rəsmi Bakı anladı ki, sərt güclə dəhliz açlmayacaq, erməni tərəfi sülhə məcburetmə əməliyyatlarına məhəl qoymur, qoymayacaq. Bəlkə də, başqa ölkə olsa, bu qədər təzyiqdən sonra çoxdan dəhlizə də razı olardı, Qarabağı da boşaldardı. Ancaq erməni tərəfi Azərbaycandan gələn sərt dalğalara dözdü.
Ermənistan təkcə dözmədi, iki il ərzində Avropa İttifaqını, Fransa jandarmını ərazisinə gətirdi. Ərazisində Rusiyanın hərbi bazası olmasına baxmayaraq.
Tərəflər nə istəyirdi və nəyə qane oldular?
Ermənistan Laçın dəhlizinin nəzarətsiz olmasını istəyirdi. Ancaq Laçın yolu üzərində Azərbaycanın nəzarət məntəqələri qurmasına razılaşmalı oldu.
Azərbaycan maneəsiz Zəngəzur dəhlizi istəyirdi, ancaq indiki mərhələdə nəzarət məntəqələrinə razıdır. Tərəflərin hikkəsi sadəcə olaraq özlərinə qaldı.
Yeri gəlmişkən, 10 noyabr bəyanatında maneəsiz Zəngəzur yolu barədə maddə vardı və həmin yolun təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcəkdi.
Həmin bəyanatın qarantı Rusiya idi.
Tərəflərin indiki mövqeyinə baxanda Rusiyanın ofsaytda qaldığını görürük. Əslində, Azərbaycan da maraqlı gediş etdi. Yeni yanaşma ilə həmin yolda maraqlı olan güclərə mesaj vermiş oldu ki, yol bəlli, yer bəlli, mane olan bəlli. Maraqlı güclərin buna reaksiyası necə olacaq, bunu yaxın zamanda görəcəyik.
Əslində, Azərbaycan ermənistansayağı siyasət yürütdü. Necə ki Ermənistan Qarabağda Rusiya ilə Azərbaycanı üzbəüz qoymağa çalışırdı və bunu bacardısa, Azərbaycan da kommunikasiya yollarına yeni yanaşma gətirərək Rusiya ilə Ermənistanı üzbəüz qoydu. Həm də təkcə Rusiya ilə Ermənistanı yox, Avropa İttifaqını da. Ola bilsin, bağlı qapılar arasında Qərb tərəfi rəsmi Bakıya bildirib ki, neftini, qazını alırıq, kənara çəkil, Rusiya ilə özümüz məsələni həll edək.
Əgər Naxçıvana nəzarətli yol olacaqsa, Azərbaycanın gözləməyə vaxtı çoxdur. Çünki İrandan Naxçıvana onsuz da yol var idi. Dəhliz olmayacaqsa, İranın da Azərbaycana qarşı siyasəti dəyişə bilər. Nəzərə alsaq ki, regionda son baş verən gərginlik iqtisadi maraqların təminatı üzərindəndir, İranın iqtisadi marağı təmin olunandan sonra qısa müddətdə “sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir” tipli bəyanatlardan əl çəkəcək.
Ukraynada olduğu kimi, Rusiya ilə Qərb Ermənistanda qarşı-qarşıya qalacaq. Bu qarşılaşmada Ukraynaya baxmış Ermənistanın şansı, demək olar ki, yoxdur. Rusiyanı sanksiya ilə qoruxdacaqlar? İslanmışın yağışdan nə qorxusu?! Qərbin Ukraynada olduğu kimi, Ermənistana silah daşıması da, demək olar ki, imkansızdır. Rusiya da bunun fərqindədir. Ona görə də “Ermənistanın dövlətçiliyi belə təhlükədədir” ifadəsini açıq şəkildə deyə bilir.
Rusiyanın Azərbaycanla problemi yalnız Qarabağ üzərindəndir. Rusiya regiondan çıxmaq istəmir, qalması üçün tədbirlərini görür. Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına nail olsa, rahat nəfəs alacaq və siyasətini daha müstəqilləşdirəcək. İndiki halda Azərbaycan Rusiya faktorunu istər-istəməz nəzərə almağa məcburdur.
Kommunikasiya yollarına yeni yanaşma gərginliyi azaltsa da, gərginliyin artmasında maraqlı olan güclər prosesi qızışdırmağa meyilli olacaqlar. Ən münasib yer isə yenə Qarabağdır.
Son zamanlar istər Qarabağda, istərsə də dövət sərhədi istiqamətində, demək olar ki, atəşkəsin pozulması halları yaşanmır. Səssizlik müsbət kimi görünsə də, əslində, olacaqlara hazırlıq mərhələsi kimi də görünə bilər. Necə ki 44 günlük müharibə başlamazdan əvvəl atəşkəsin pozulması halları 20-ə çatmırdı. Hazırlıqda olan tərəflər boş-boşuna vaxt itirməyə meyilli olmurlar.
Regionda sular durulmuş kimi görünə bilər, tərəflər reallığa uyğun mesaj verə bilərlər, ancaq gərginliyi tənzimləyən qüvvələr nə Azərbaycandır, nə də Ermənistan. Rusiya Azərbaycan, Ermənistan və Gürcüstana ayrı-ayrı dövlət kimi yox, bütöv Cənubi Qafqaz gözü ilə baxdığı kimi, Qərb də regiona bütöv baxır.
Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir, Rusiya isə “arxa bağça”sına yadların girməsini istəmir.
Bağ yerində qalır, dava qarovulçu davasıdır. Önəmli olan qarovulçuların davasında ayaq altında qalmamaqdır.
Səxavət Məmməd