“Bizim güclü olmağımız, Qərbin şərtlərini qəbul etməməyimiz onların maraqlarına uyğun gəlmir. Çünki Azərbaycan özü də şərt diktə edən ölkələrdən biridir”.
Bunu Yenicag.az-a açıqlamasında Qərbin Azərbaycana qarşı ermənilərlə birgə başlatdığı qarayaxma kampaniyaların səbəbindən danışan Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Onun sözlərinə görə, Qərbin qarayaxma kampaniyası maraqları üzərinə qurulub.
“Əvvəllər bizə deyirdilər ki, insan haqları, demokratiya və Qərb dəyərləri prioritet deyil. Amma fakt budur ki, onların konkret maraqları var. Xristian dünyası indi faktiki olaraq dünyanı idarə edir. Buna görə də daim və birmənalı şəkildə ermənilərin yanında olublar”.
“Azərbaycan BMT-nin tədbirini yüksək səviyyədə təşkil etdi. Bu, böyük zəhmət tələb edən prosesdir. Azərbaycan dünya ölkələrinə örnək nümunədir. Lakin yenə də buna kölgə salmağa çalışırlar. Bu təbii haldır və normal qarşılamaq lazımdır. Onlar hər zaman öz maraqlarından çıxış edirlər. Bizim güclü olmağımız, şərtlərini qəbul etməməyimiz onların maraqlarına uyğun gəlmir. Çünki Azərbaycan özü də şərt diktə edən ölkələrdən biridir. Eyni zamanda, bu regionda Azərbaycan və Türkiyənin birgə fəaliyyəti onların maraqlarına ziddir. Belə hallar hər zaman olub indidən sonra da olacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli