Reklam

Reklam

Ailədə qız uşağı sürətlə böyüyür. Saçlarına lent vurur, gəlincik oynadır, evçik düzəldir, yatırtdığı “bəbə”yə layla çalır. Evin içində müstəqil həyatı imitasiya edir. Ona görə də hissləri vaxtından əvvəl oyanır, vaxtı çatdı-çatmadı, “qanadları” bərkidi- bərkimədi sürətlə ailədən – evdən “uçub” gedirlər, ailə qurur, amansız həyatın qucağına atılırlar. Xöşbəxt olanı da olur, olmayanı da.

Ata – ananın ailədə ən çox sevdiyi qız uşaqlarıdır. Bəlkə də qadınlar zərif məxluq olduğuna görə o böyük Allah insanların qəlbində onlara qarşı güclü mərhəmət hissi yaradır. Bəzən bu mərhəmət hissi itir. Onda qadınlar tək-tənha, kimsəsiz qalır, intihar onları yanına çağırır.

2016 – cı ildə ölkəmizdə qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb. Demək, insanlıq bir ildə 2221 dəfə gözünü yumub-açıb. Qadınlar insanlığın gözündən yaş kimi düşüb. Ötən il 176 qadın intihar edib. Tək bir qadının intiharı bir kişi nəslinin ölümünə bərabərdir. Biz onların boynuna qızıl boyunbağı asmalıykən, kəndir keçirdirik. Axı niyə?

Ölkəmizin psixoloqları 2221 rəqəmindəki həyat, ölüm, intihar, sarsıntı, zorakılıq, qısqanclıq, fahişəlik, ailə, umidsizlik işartılarını, psixoloji, sosialoji çatışmazlıqları analiz, təhlil etməli və bu gündən sonra insanların psixoloji dözümünü təmin etməlidirlər.
Qadın öz ata- anasının, ərinin yanında azad və xoşbəxt ola bilər. Bu, hələ yetərincə deyil. Onların arxasında, müdafiəsində yalnız öz hüquqi dövləti dayanmalıdır: sosialoji, psixoloji və digər mənfi proseslərdən xilas etmək üçün…

Deyilənlər öz yerində.

Mənə elə gəlir ki, insan yanında insan ölməməli və sınmamalıdır; illah da qadın ola… Harada qadın ölürsə, sınırsa və acdırsa, kişi nəslinin genefonduna zərbə dəyir, bir ordu məğlub olur, bir idamançı səhnədən yıxılır, bir şairin qələmi sınır, bir bəstəkarın notu pozulur və dili pəltəkləşir.

Məhkəmələr soyuda bilmir ayrılıqları, uşaqları bölə bilmir valideynlər arasında… Bu, bir acı həqiqətdir.

Bir qız gəlin köçür, ər evinə cehiz apara bilmir, gedib boş evdə oturur; nə evi qızır, nə ürəyi; nə laylası isinir, nə də beşiyi. Beləcə , amansız cəmiyyət onu hədələyir. Sonra boş təsəllilər, ümidlər… Bunların hamısı faydasız bir şey. Qaynana, baldız, elti qaxıncları qar kimi yağır başına. Sonra qadın qayıtmaq istəyir ata evinə. Ata da deyir ki, gəlsən, mənim qızım deyilsən. Qız yarıyolda qalır. Yadınızda saxlayın, həmişə yarıyolda intihar var.

Barmaq üzüklərə həsrət, üzüklər barmaqlara. Oğlanların maaşı bir üzük qiyməti qədər deyil indi. Bəs neyləsinlər sevənlər? Hələ kreditlər, banklar… dar ağacı kimi hər yerdə gözləyir insanları. Kişi intihar edirsə, onun ayaqlarından da qadını özünü asır. Sırtıq kredit yas yerlərinə də gəlib çıxır, mərhumun 3 – nə, 7-nə və 40 –na gəlir. Telefon zəngləri kirimir.

Bəs nədir bizim qadınları bu problemlərlə üzləşdirən, onları zorakılığa məruz qoyan, intihara sürükləyən? Ən birinci növbədə mütaliənin olmamağı, kitab oxumamağımız, kinoya baxmamağımız… Bu çatışmazlıq nəticəsində özümüzdən böyük olan xırdaçılığımız, başımıza bəla olan mentalıtetimiz…

Ən birinci növbədə, savadımız, böyüklüyümüz çatmır. Savadımız çatmayanda qadınlarımız zorakılığa məruz qalırlar. Hər şeyin başında savad, bilik, mütaliə, əmək dayanır. O da olmayanda günümüz göy əskiyə dönür.

Psixoloji durumumuzda catışmazlıq var. Psixoloji müdafiəmiz düzgün qurulmayıb. Ölkəmizdə psixoloji mərkəzlər yoxdur, varsa da fəailliyyəti zəifdir, zəif olsa da, qiymətləri bahadır. Kabinetlərindən çıxmalıdır psixoloqlar, onların kabinetləri vətəndaşların evi olmalıdır. Bizdə ailə psixoloqu yoxdur.

Psixoloqlar is üslublarını cəmiyyətin mexanizminə tətbiq edə bilmirlər, orada- burada, adda- budda həvəskar fəaliyyət göstərirlər.

Ən başlıcası, dövlətimizlə bizim aramızda olan təşkilatlar, qurumlar qadınların sosialoji, psixioloji müdafiəsini qurmaq üçün dövlətin qayğısından faydalanmaq mexanizmini doğru-düzgün tənzimləyə bilmirlər.
Və beləcə, baş verənlər arxayınca baş verir.

Gəlin qadınları qoruyaq, qoy onların boyunbağısı heç vaxt kəndir olmasın.

Xüsusi olaraq Yeniçağ.az üçün

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 168
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."