Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qətər “bataqlığı”: Səudiyyə Ərəbistanı geri çəkilməyə məcburdur

Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi ərəb ölkələrinin Qətərə qarşı açdığı “cəbhə”nin uzunmüddətli olmayacağı bildirilir.

Yenicag.Az xəbər verir ki, Türkiyə mediasında bu mövzuya dair təqdim edilən təhlillərdə Qətər böhranının dərinləşməsindən ən çox Səudiyyə Ərəbistanının zərər çəkəcəyi vurğulanır.

Səudiyyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) liderliyi altında bəzi Körfəz ölkələrinin Qətərə qarşı tətbiq etdiyi sanksiyalar Yaxın Şərqdə vəziyyətin həssaslığını bir daha ortaya qoydu. Qətər əhalisinin nisbətən az olmasına baxmayaraq, son illərdə yaratdığı siyasi ittifaqlar, mədəni nüfuzu və media müstəvisindəki təsiri ilə “asan loxma” olmadığını nümayiş etdirməkdədir.

Qeyd olunmalıdır ki, Qətər malik olduğu resursları ilə nəinki yerləşdiyi bölgədə, hətta Balkanlardan tutmuş Afrika və Cənub-Şərqi Asiya ölkələrində müəyyən təsir imkanlarına malikdir. Başqa sözlə desək, media dəstəyi və maliyyə yardımı planında gözünü Qətərə dikən ölkələrin sayı heç də az deyil. O baxımdan, Qətər çevik manevrlərlə onu zəif hesab edənləri xeyli yanıltdı.

Hər halda Qətərdə hakimiyyətin zorla dəyişdirilməsinə yönələn istənilən cəhd regionda vəziyyəti partlayış həddinə çatdıra bilər. Xüsusi qeyd olunur ki, məhz Sisinin Misirdə həyata keçirtdiyi hərbi çevriliş “Ərəb baharı” prosesinin sonunu gətirdi.

Eyni zamanda, Barak Obama dönəmində ABŞ-da qəbul edilən “11 sentyabr” qanunu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrində ciddi narahatlıq yaratmışdı. Bu narahatlıq ötən aya – Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə qədər davam etdi. Trampın gəlişi isə Amerikanın ərəblərə etimadının bərpası kimi qiymətləndirildi və ciddi psixoloji rahatlığa səbəb oldu.

Qətər böhranına Səudiyyə Ərəbistanının perspektivindən baxıldığında, daxili amillərin bölgədəki gərginliyə əhəmiyyətli təsir göstərdiyi açıq görünür. Çünki Səudiyyə Ərəbistanı üçün böhrandan yaranan risklər və fürsətlər regiondakı vəziyyəti dəyişmək gücündədir. Qətər böhranı aradan qaldırılmadığı, Türkiyə və Küveytin timsalında diplomatik səylərin davam etdirildiyi, Suriya müxalifətinin daxilində yaranan fikirayrılıqları, Yəmən münaqişəsindəki vəziyyət, Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərindəki mübahisəli məqamlar və bu vəziyyətin kürd məsələsinə təsiri, mövcud böhranın son dərəcədə dərinləşə biləcəyi ehtimalını xeyli gücləndirir.

Xüsusi qeyd olunmalıdır ki, Qətər böhranı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərə də ciddi təsir göstərmək imkanındadır. Hər halda, Türkiyənin Qətər məsələsində tutduğu mövqe Səudiyyə Ərəbistanı üçün gözlənilməz oldu. Ankaranın Qətərə ordu göndərmək qərarından sonra isə Səudiyyə mediasında Türkiyəyə qarşı neqativ təbliğata start verilib. Səudiyyə təbəələri sosial şəbəkələrdə Türkiyə mallarını boykota çağıraraq, kürdlərə dəstək həştəqlərindən gen-bol istifadə edirlər.

Bununla belə, Səudiyyə Ərəbistanının Türkiyə əleyhinə fəaliyyətdə çox dərinə gedəcəyi də inandırıcı deyil. Burada əsas amil İranın Aralıq dənizi sahillərinə uzanan “Şiə zolağı” yaratmaq niyyətidir. Ər-Riyadda başa düşürlər ki, Türkiyə olmadan, Tehranın bu planının qarşısını almaq imkan xaricindədir.

Qətər böhranı həmçinin müxtəlif ölkələrin dəstəklədiyi Suriyanın müxalif hərbi qruplaşmaları arasında da gərginlik yaradıb. Məsələn, Səudiyyə ilə Qətərin müdafiə etdiyi iki qruplaşma arasında baş verən döyüşlərdə 100-dən çox müxalifətçi həlak olub. O cümlədən, yaranan parçalanma nəticəsində bəzi müxalif qruplaşmaların üzvləri Əsəd qüvvələri ilə terrorçu YPG-nın sıralarına qoşulublar. Müxalifətin sıralarında yaranan bu parçalanmadan istifadə edən Əsəd qüvvələri isə Hələb ətrafında yeni hücuma keçib.

Yaranmış vəziyyətin təhlili göstərir ki, Qətər böhranı Yaxın Şərqdə həllini gözləyən bəzi problem və münaqişələrin (Fələstin, Yəmən, İŞİD, kürd məsələsi və s.) xarakterində müəyyən dəyişikliyə səbəb ola bilər.

Ona görə də Səudiyyə Ərəbistanının Qətər böhranını dərinləşdirərək, özünün regiondakı mövqelərini riskə atacağı inandırıcı deyil.

Yenicag.Az

www.yenicag.az

726
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100