Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 Konfransı çərçivəsində Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Komitədən Yenicag.az-a bildiriblər ki, Bahar Muradova Qətər dövləti ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə qurulan əlaqələr getdikcə daha da intensivləşir.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən B.Muradova bildirib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi və reallaşdırılması, həmçinin həssas qrupa daxil olan təbəqə, onların hüquqlarının müdafiəsi üzrə görülən işlər gündəliyimizin əsas bəndlərini təşkil edir.
İslam ölkələrində ailə institutunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi sahəsində nailiyyətləri diqqətə çatdıran komitə sədri, Qətər dövləti ilə ortaq mədəni tarixi köklərə əsaslanaraq iki qurum arasında müvafiq sahələr üzrə əməkdaşlığın yarandığını qeyd edib.
Qətər rəsmisi Şeyxa bint Casim əl Tani COP29 çərçivəsində Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və iki ölkə arasında yüksək səviyyədə əlaqələrin mövcudluğunu vurğulayıb. Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyən qonaq bu istiqamətdə mərkəzlərin fəaliyyət göstərdiyini və mütəmadi şəkildə monitorinqlərin həyata keçirildiyini əlavə edib.
Müvafiq sahələrdə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini vurğulayan Qətər rəsmisi iki qurum arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasında maraqlı olduqlarını əlavə edib və bu barədə razılığa gəlinib.
Görüş zamanı qurumlararası əlaqələrin inkişafına dair digər məsələlər də müzakirə olunub.