“Qeyrətli oğullarımız Polad Həşimovun şəhadətindən güc alaraq torpaqları azad etdilər”

Poladın şəhid olması ordumuz, xalqımız üçün böyük itki idi. Oğlumun şəhadət xəbərini eşitmək mənim üçün çox ağır olsa da, minlərlə insanın onu son mənzilə yola salması, gənclərin qisas hissi ilə cəbhəyə yollanmaq üçün axışdığını görəndə əmin oldum ki, Poladın intiqamı yerdə qalmayacaq. Xalqımızın qeyrətli oğulları Polad Həşimovun şəhadətindən güc alaraq torpaqları azad etdilər. Vətənimizin ərazi bütövlüyünün Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin alınması ilə tamamlanması nəinki mənim, bütün şəhid analarının qəlbindəki övlad itkisi yanğısını xəfiflətdi.

Yenicag.az xəbər verir ki, bu sözləri şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova jurnalistlərə müsahibəsində deyib.

“Əminəm ki, bu gün Şuşada, Xankəndidə dalğalanan Azərbaycan Bayrağı torpaqlarımızın azad edilməsi naminə canından keçən qəhrəmanların ruhunu şad edir. Polad kimi minlərlə Vətən övladının ruhlarının dinclik tapdığına inanıram. Yetişən nəslin isə cəsur, qeyrətli oğulları özlərinə örnək bilməsi, şəhidlərin izi ilə getməsi bir şəhid anası kimi məni sevindirir”, – deyə Səmayə Həşimova bildirib/Azertag/

COP29