Qeyri-adi cəza TƏKLİFİ – Qanun layihəsi parlamentə tədim edildi

İtaliyada ifrat sağçı Liqa Partiyasının təklifi ilə zorlama və uşaq təcavüzü törədənlərə qarşı kimyəvi kastrasiya (axtalanma) cəzasının qiymətləndirilməsi üçün texniki komitənin yaradılması qərara alınıb.

Yenicag.az xəbər verir ki, İtaliya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasında yeni təhlükəsizlik qanun layihəsinin müzakirəsi zamanı Liqa Partiyasının deputatı İqor İezzinin təqdim etdiyi “komissiya və ya texniki komitənin yaradılması” təklifi qəbul edilib.

Bu komissiya və ya texniki komitə zorlamaya görə məhkum edilmiş cinayətkarlar üçün psixiatrik və farmakoloji müalicəyə, o cümlədən kimyəvi kastrasiyaya icazə verilməsi imkanlarına baxması nəzərdə tutulur.

Ana müxalifətdəki Demokrat Partiyasının (PD) deputatı Simona Bonafe kimyəvi kastrasiya üçün texniki komitənin yaradılması təklifinin konstitusiyaya zidd olduğunu deyib.

Digər kiçik müxalifət partiyaları da bu təklifin konstitusiyaya zidd olmasına etiraz ediblər.

Qeyd edək ki, İtaliyada kimyəvi kastrasiya təklifi ilk dəfə ötən il Palermo və Neapol şəhərlərində baş verən və bir-birinin ardınca ortaya çıxan kütləvi zorlama hadisələrindən sonra gündəmə gəlib. O dövrdə hökuməti formalaşdıran üç böyük partiyanın mərkəzində olan “Forza Italia” Partiyası (FI) bu üsulu “həll yolu deyil” kimi qiymətləndirib.

İsmayıl Bakuvi

COP29