“Bu ilin may ayında ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ötən illərin may ayı ilə müqayisədə daha çox müşahidə olunub, ildırım-dolu prosesinin miqyası və intensivliyi artıb. Belə ki, 2022-ci ilin may ayında 17, ötən ilin may ayında 39 dolu hadisəsi müşahidə olunduğu halda, bu ilin may ayının bugününədək 54 dolu hadisəsi qeydə alınıb”.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Ətraflı
O qeyd edib ki, bunun əsas səbəbi ölkəmizə soyuq hava kütlələrinin daxil olması və mürəkkəb sinoptik şəraitlə əlaqədar formalaşan kütlədaxili prosseslərdir.
N. Mahmudovun sözlərinə görə, bu ilin 1-20 may tarixlərində ölkənin əksər bölgələrində hava 18 gün yağıntılı olub: “Düşən yağıntının miqdarı Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normadan çox olub. Leysan xarakterli intensiv yağışlar nəticəsində çaylarda sululuq kəskin artıb, 8 sel hadisəsi qeydə alınıb. Küləkli günlərin sayı 13 olub. Havanın temperaturu ötən illərlə müqayisədə daha aşağı qeydə alınıb”.
Xidmət rəisi qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcəyini, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalının olduğunu bildirib: “Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur”.