Qeyri-sabit havanın kənd təsərrüfatına vurduğu ZƏRƏR: Bu məhsulun istehsalında azalma gözlənilir

“Apardığımız müşahidələr göstərdi ki, yağışların yağması nəticəsində ərik bitkisinin mayalanma dövrünə təsadüf etdiyi, mayalanma tam başa çatmadığı üçün əriyin istehsalında azalma gözlənilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə ərazisində keçən qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına mümkün təsirləri haqda danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, son bir neçə ildə yaz mövsümündə havaların qeyri-sabit keçməsi müəyyən dərəcədə kənd təsərrüfatı məhsullarına istehsalına təsir edib.

“Son bir neçə ildə yaz mövsümündə havaların qeyri-sabit keçməsi müəyyən dərəcədə kənd təsərrüfatı məhsullarına istehsalına təsir edib. Lakin hazırda bu təsirin necə olacağını demək tezdir. Bu il apardığımız müşahidələr göstərdi ki, yağışların yağması nəticəsində ərik bitkisinin mayalanma dövrünə təsadüf etdiyi, mayalanma tam başa çatmadığı üçün əriyin istehsalında azalma gözlənilir. Müşahidələr ona əsas verir ki, bu il əvvəlki illərlə müqayisədə ərik az olacaq. Lakin hazırda intensiv yağışların yağması, sel sularının əmələ gəlməsi, dolu düşməsi kənd təsərrüfatına müəyyən qədər təsir göstərsə də, lakin məhsulun istehsalına hansı dərəcədə ciddi təsir edəcəyini demək hələ tezdir. Ona görə ki bundan sonrakı etaplarda fermerler və kəndlilər aqrotexniki qaydalara əməl etməklə təsərrüfata olan mənfi təsirin qarşısını ala bilərlər”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, hadisənin baş verməsi bizdə bunun çox ciddi təsirləri fikrini yaratsa da, lakin bu təsir böyük olmaya da bilər:

“Bəzi yerlərdə intensiv yağışlar taxıl bitkisini yatırıb, dolu düşdükdə isə meyvə ağaclarının budaqlarına ziyan vurub. Lakin bu, kütləvi deyil. Hadisənin baş verməsi bizdə bunun çox ciddi təsirləri fikrini yaratsa da, lakin bu təsir böyük olmaya da bilər. Sonrakı etapda nə baş verəcəyini, bunun nə qədər müddətə davam edəcəyini, görəcəyik. Əgər suvarma vaxtı vaxtında aparılacaqsa, bu azalmalar o qədər də nəzərə çarpmayacaq”.

İsmayıl Bakuvi

COP29