Yevlax rayonunda baş verən yol qəzasında ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.
Hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar isə Mövsüm Məmmədkərimovun övladlarıdır.
Gülyanaq Məmmədova hadisə ilə bağlı göz yaşları içərisində Yenicag.az-a danışıb:
“Yeznəm Mingəçevirə işə gedəndə qəzaya uğrayıb. Zərbənin gücündən dərhal həyatını itirib. Maşında onun iki oğlu və yaxın qohumlarımız olub. Sürücü hadisə yerindən qaçıb. Uşaqların birinin vəziyyəti ağırdır, hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Yaralanan qohumlarım pərən-pərən düşüb, hərəsi bir xəstəxanaya aparılıb. Yeznəm o qədər gözəl insan idi ki… Srağagün Bakıya gəlmişdi, bizim konsertimizin afişalarını görüb sevindiyini demişdi. Deyirdi Gülü, sizin qoşa şəkillərinizi görəndə ürəyim dağa dönür. Əcəl onu vaxtsız apardı. Dözə bilmirəm”.
Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, “VAZ 2106” və “Picap” markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsarətləri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.
Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri – Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).
Ölən və xəsarət alanların hamısı “VAZ 2106” markalı avtomobildə olub.
Cəvahir