“Qəzzada atəşkəsin həyata keçirilib Rəfahda əməliyyatların davam etdirilməsində ziddiyyət ondan ibarətdir ki, Netanyahu hakimiyyəti özünün gələcək siyasi perspektivi üçün düşünür ki, mütləq mənada HƏMAS təşkilatı tamamilə məhv olunmalı, aradan qaldırılmalıdır. Çünki əks-təqdirdə, bu qədər canlı və maliyyə itkisini İsrail xalqına anlatmaq mümkün olmayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Analitik HƏMAS-ın İsraillə Qəzzada atəşkəsin əldə edilməsi fonunda SAXAL-ın (İsrail Müdafiə Qüvvələri) Rəfahda əməliyyatlar keçirməsi məsələsinə toxunub.
Qeyd edək ki, HƏMAS rəhbərliyi Qətər və Misir vasitəçilərinə Qəzzada atəşkəs təklifi ilə razılaşdıqları barədə məlumat verib. HƏMAS rəsmilərinin sözlərinə görə, onlar ilk mərhələdə 33 israilli girovu 42 gün ərzində azad etməyə razılaşıb. Bundan əlavə, bildirilib ki, atəşkəs təklifi hər biri 42 gün davam edən 3 mərhələdən ibarət olacaq.
Məsələyə münasibət bildirən politoloq bildirib ki, bu aylar ərzində Netanyahu hakimiyyəti böyük qələbələr və zərbələrdən dəm vurmuş olsa da, HƏMAS təşkilatı tamamilə məhv edilə bilməyib:
“Paralel olaraq, əsas qayə – HƏMAS-ın götürdüyü əsirlər hələ də qaytarılmayıb. Bu da dolayısı ilə, Netanyahu hakimiyyətinin perspektivlərinin və keçirilən əməliyyatların yetərsiz olduğunu ortaya qoyur. Ona görə də ortada konkret ciddi nəticələr və HƏMAS-ın ləğvi olmadan belə bir hesabatın İsrail xalqına verilə bilməyəcəyini Benyamin Netanyahu dərk edir”.
Siyasi təhlilçi xatırladıb ki, Baş nazir və onun bəzi məmurları haqqında Beynəlxalq Cinayət Məhkəməsində cinayət işi qaldırılıb:
“Bu gün əsas tələb ondan ibarətdir ki, başda Netanyahu olmaqla, məsum insanların kütləvi olaraq qətlə yetirilməsi prosesində iştirakı və olan şəxslər məsuliyyətə cəlb olunub həbs olunsunlar. Doğrudur, Netanyahu hakimiyyəti buna müqavimət göstərir və İsraili dəstəkləyən bir çox ölkələrə də çağırış etdi ki, bunun qarşısını alsınlar. Ancaq bu, beynəlxalq hüquqi özündə əks etdirən məsələdir”.
Politoloq əlavə edib ki, bu məsələdə maraqlı olan əksər dünya dövlətləri var ki, bunlardan biri də Türkiyədir:
“Fikrimcə, Türkiyənin bu məsənənin “ipini buraxacağı” gözlənilmir. Ona görə də Netanyahu hakimiyyətinə çox ciddi qələbələr lazımdır ki, ilk növbədə, İsrail xalqını sakitləşdirə bilsin və paralel olaraq özünü HƏMAS üzərində tam qalib olaraq göstərməklə qaliblərin müzakirə olunmadığını bütün dünyaya göstərmək istəyir.
Çünki indiki vəziyyətdə müharibə tamamilə dayanarsa, atəşkəs olarsa və SAXAL geri çəkilib İsrail geri dönərsə, bu, HƏMAS-ın müqavimət qüvvələrinin qələbəsi anlamına gələcək. Mənə elə gəlir ki, əsas mahiyyət bundan ibarətdir. Bir də ki, şovinist “Likud” hökumətinin əsas narahatlığı belə bir sülhün olması təqdirində ikidövlətli planın həyata keçirilməsi məsələsidir ki, bu da Netanyahunun yuxusunu qaçırır desək, yanılmarıq”.
Rafi Müslümov