Qəzzada yeni strategiyalar: “Hizbullah”la fərqli mübarizə prosesi başlanır

“Baydenin hakimiyyəti dövründə Qəzzada nəinki atəşkəsə nail ola bilindi, əksinə, İsrail Qəzza bölgəsində nəzarəti tamamilə ələ keçirdi. Qarşıdakı mərhələdə isə İsrailin Qəzzada nəzarətini möhkəmləndirməsi prosesi davam edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Politoloq İsrailin Qəzzadakı əməliyyatlardan sonra növbəti hədəfinin “Hizbullah” olması ilə bağlı Qərb mətbuatı tərəfindən yayılan informasiyalara münasibət bildirib.

M. Bünyadlının fikrincə, HƏMAS-dan savayı Livandakı “Hizbullah”la bağlı da proseslərin baş verəcəyi istisna deyil və bunu dəyişmək qeyri-mümkün olacaq:

“Sadəcə olaraq, ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, İsrail Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyə çalışacaq. Seçkilər yaxınlaşdıqca, ola bilsin ki, İsrail əsas hədəfini “Hizbullah”a yönəldəcək, növbəti mərhələlərdə isə husilərlə məsələlərini həll etməyə çalışacaq.

Yəni istər Bayden, istərsə də Tramp olsun, bu məsələlərdə onların maraqları üst-üstə düşür. Doğrudur, ABŞ burada sözdə bəyanatlar versə də, arxa planda hərtərəfli şəkildə İsrailə dəstəyini göstərəcək. Necə ki bu günə qədər bu dəstəyi verir, bundan sonra da bu proses davam edəcək. Sadəcə olaraq, beynəlxalq aləmin gözündən pərdə asmaq üçün Vaşinqton atəşkəs yönümlü bəyanatlar verəcək. Artıq İsrail müəyyən mənada bölgədə nəzarəti ələ keçirib və onların hazırkı hədəfi “Hizbullah”dır, çünki HƏMAS-la məsələsini həll edib”.

“Son kiberhücum hadisəsi isə onu göstərdi ki, müharibələr artıq yeni mərhələlərə qədəm qoyur. Süni intellektlərin yaratdığı müharibələr bu gün baş verir ki, bunun da Livanda ilkin sınağı başlandı. ABŞ-nin əsas marağı isə odur ki, Yaxın Şərqdə öz mövqeyini möhkəmləndirib ona əks qüvvələri oradan çıxarsın. Vaşinqton İranın bölgədən sıxışdırılıb, çıxarılmasına çalışır. Növbəti mərhələdə proseslərin bu tendensiya üzrə inkişafına şahidlik edəcəyik. Lakin İran hələlik bu müharibəyə cəlbetmə prosesindən qaçır. Çünki alt mərhələdə tərəflər hələlik bir-birilərinin əllərinə oynayırlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29