Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Laçın yolundakı vəziyyətlə bağlı qərar qəbul edib. Qərarda Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı bir daha təsdiqlənib.
Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.
Yenicag.az xəbər verir ki, Məsələyə münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov qeyd edib ki, Azərbaycan hər zaman öz üzərinə düşən öhdəlikləri ləyaqətlə icra edibdir: “Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman öz üzərinə düşən öhdəlikləri ləyaqətlə icra edibdir. Bəli, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları hüquqi öhdəik yaratmır. Nə Ermənistan, nə də Azərbaycan BƏM-in yurisdiksiyasını qəbul etməyə dair bəyanat verməyib. Bununla belə ermənilər istənilən qərardan təbliğat və anti-Azərbaycan fəaliyyəti üçün bəhrələnməyə çalışır. Nikol Paşinyanın son çıxışı bir daha onu göstərdi ki, ermənilər cinayət rejimin qurbanına çevriliblər. Baş nazir bilərəkdən siyasi manipulyasiyalar, təhriflər edir, ictimaiyyəti çaşdırır və hər vəchlə özünə divident qazanmağa çalışır. Ədalət Məhkəməsi Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəklənməsinin dayandırılması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərini rədd edib. Bu qərar Azərbaycanın növbəti diplomatik qələbəsi, eyni zamanda, ölkə QHT-lərinin ictimai proseslərdə fəal iştirakının nəticəsidir. Hər bir halda biz Üçtərəfli Bəyanatın bütün müddəalarını icra edirik və bundan sonra da icra edəcəyik. QHT-lərimiz isə heç bir halda ekoloji aksiyanı dayandırmayacaq, təbii sərvətlərin talanmasına göz yummayacaqlar.”