!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lərin Nəzarət Palatasına qarşı üsyanı - Şərhlər

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına məktubla müraciət edib. Müraciətdə “Nağdsız hesablaşmalar haqqında” qanunun müvafiq müddəaları əsas gətirilərək bankların nəzərinə çatdırılıb ki, sahibkarlara biznes kreditləri onun sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı hesaba köçürmə yolu ilə verilməli, bu halda şəxsi hesaba köçürməyə yol verilməməlidir.

Bundan başqa, müraciətdə qeyd olunub ki, qanunla dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir. Belə ki, dövlət müəssisəsindən sifariş qəbul edən sahibkarın (podratçı və yaxud subpodratçı) dövlət müəssisəsi tərəfindən köçürülmüş vəsaiti hesabından məxaric etməyə hüququ yoxdur. Dövlət müəssisəsi 5 min manata qədər sifarişi dövlət satınalması keçirmədən birbaşa verə bilər, bundan artıq məbləğ isə dövlət satınalma müqaviləsi əsasında köçürmə hesab edilir və nağd çıxarıla bilməz.

Yeniçağ.az məsələ ilə bağlı araşdırmalara başladı. Araşdırmalar zamanı məlum olub ki, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir məktubla da müraciət edib:

“Bu məqsədlə bank sahibkarın hesabı üzrə mədaxil əməliyyatlarını monitorinq etməli, hesab üzrə mədaxil əməliyyatları (nağd və yaxud köçürmə) dövlət müəssisəsi tərəfindən aparıldıqda belə vəsaitin hesabdan çıxarılmasına heç bir halda yol verməməlidir. Bu halda nağd çıxarılmaya imkan verən “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulmuş 30 min manat və yaxud 15 min manat məbləğində limit tətbiq edilmir”.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı-ekspert Qadir İbrahimli bildirdi ki, Maliyyə bazarlarının Nəzarət Palatası artıq mondatından və funksiyalarından kənara çıxır:

“Bu hesablaşmaların dayandırılması Azərbaycanın biznes mülkünün pisləşdirilməsi deməkdir. Sahibkarlara, iş adamlarına əməliyyat problemləri yaratmaqdır. Bir çox əməliyyatlar var ki, onların bank vasitəsi ilə əməliyyatları aparıla bilməz. Məsələn, ezamiyyət xərclərini götürək: hansısa rayona gedirik, orada yemək, yol və digər müəyyən xərcləri bank üzərindən necə ödəmək olar? Hər hansısa qərar verilirsə, ilk öncə əsaslandırılmalıdır. Elə qərarlar qəbul edilməlidir ki, iş adamlarının vəziyyətini ağırlaşdıran yox, yüngülləşdirən və sadələşdirən olmalıdır. Bu isə əsaslandırılmayan və iş adamlarına əlavə problemlər yaradan bir qərardır. Ümumiyyətlə, bir çox əməliyyatlar var ki, onların nağd şəkildə həyata keçirilməsi daha məqsədə uyğundur. Qeyd etdiyim amillər mütləq şəkildə nəzərə alınmalıdır. Bu, Palatanın mondatına daxil deyil ki, iş adamlarının əməliyyatlarına müdaxilə etsin və ya hansısa bir çərçivəyə salsın”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, dünyada nağdsız hesablaşmalar müsbət proses kimi qarşılanır:
“Məqsəd nədir bilmirəm, ancaq korrupsiyanın, müəyyən neqativ halların qarşısının alınmasında müsbət bir hal kimi dəyərləndirilir. Amma bizdə hansı məqsədlə həyata keçirilirsə, doğrudan da insanların, cəmiyyətin xeyrinədirsə, müsbətdir. Yoxsa burda da hansısa qurumların maddi-maraqlarına xidmət edəcəksə, bu baxımdan fikir demək çox çətindir. Azərbaycanda çox vaxt belə olur ki, istənilən yenilik və qanun hansısa bir qurumun maraqlarını nəzərə almaqla qəbul olunur. Hər halda indiki Azərbaycan reallığı üçün bunu müsbət hal kimi dəyərləndirmirəm və hələ ki, bunun vaxtı çatmayıb”.

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, bu, kommersiya qurumlarında hesabı olan fiziki və hüquqi şəxlərin hüququnun pozulmasıdır:

“Bu qanun hər hansısa bir sanksiya çərçivəsində və məhkəmənin qərarı ilə olunsaydı, anlaşılan bir addım idi. Məhkəmənin qərarına əsasən hər hansı bir fiziki və hüquqi şəxsin hesab əməliyyatlarına məhdudiyyətlər qoyula bilər. Ancaq Palatanın heç bir izah olmadan, bankların və müştərilərin fikrini öyrənmədən bu cür addım atması təbii ki, nə məntiqə, nə də hüquqa uyğun deyil. Əslində, hər hansı bir maliyyə əməliyyatlarına məhdudiyyətlərin gətirilməsi istər pul köçürmələri, istər nağdlaşdırmalar, istər nağd əməliyyatlar olsun, bu, investorda və yatırımda qorxudan və çəkindirən, həmin ölkədə fəaliyyət göstərməkdən uzaq salan addımlardır. Bu cür çəkindirici addımlar atmaqla Palata sanki Azərbaycanda maliyyə sisteminin sərt nəzarət altında olduğuna və bu nəzarətin hər bir halda insanların mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmasına işarə verir. Çünki hesabda olan pul insanın mülküdir və o mülkiyyət olan hesaba sərəncam hüququnun məhdudlaşdırılması ancaq məhkəmə hüququna uyğun qaydada olmalıdır. Palata istəyir ki, nağd dövriyyə azalsın və daha çox köçürmələr yolu ilə əməliyyatlar həyata keçirilsin ki, ölkəyə ödənilən vergilərin həcmi artsın, bir də valyuta məzənnəsinə təzyiqlər azalsın. Bu, inzibati qaydalarla edilmir və heç bir xəbərdarlıq olmadan, müzakirələr aparılmadan bu cür addımların atılması investisiya mühitinə və iş adamlarının fəaliyyətinə ciddi zərbələr vurur”.

Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, ötən ilin noyabr ayında Palatanın təşəbbüsü ilə “Nağdsız hesablaşmalar haqqında” qanun qəbul olunub, amma bu, praktik cəhətdən mümkün olmayan məsələdir:

“Bu qanuna nə bank sistemi, nə ticarət şəbəkələri, nə də iş adamları hazır deyil. Bu, mümkünsüzdür. Adicə biznes kartları ölkədə heç düz-əməlli işləmir. Bu sistemin bizdə həyata keçirilməsi birmənalı şəkildə imkansızdır. Həmin sistemə limit qoyulub, o limitdən keçsən çıxılmaz vəziyyətdə qalmış olacaqsan. Görünür ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında bu qanunu anlaya bilən, səriştəli işçi olmayıb ki, vaxtında bununla bağlı tədbir görsün. Bunlar hansısa Qərb, məsələn, İsveçrə modelini götürüb, bizim ölkəyə tətbiq ediblər. Halbuki, İsveçrənin bu qanunla bağlı 100 illik ənənəsi var. Ümumiyyətlə, Maliyyə Bazarlarına Nəzarət Palatasının belə bir səlahiyyəti yoxdur. Çünki o, mərkəzi İcra Hakimiyyəti orqanı və ya hamı üçün məcbur ola biləcək normativ hüquqa akt qəbul edəcək səlahiyyətdə deyil. O, yalnız tövsiyə verə bilər. Təəssüf ki, bank Konstitusiyanı, mülki və vergi məcəlləsini qoyub kənara, hansısa inzibati orqanın bir məktubunu əsas götürüb. Təbii ki, bu da yolverilməzdir”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

 

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv