1 dekabr Ümümdünya QİÇS-lə mübarizə günüdür. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan bu xəstəliyə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və yoluxma halları əsasən, yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
2017-ci ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənmişdir. Onlardan 431-i (98,6%) Azərbaycan vətəndaşı, 6 nəfəri (1,4%) isə əcnəbidir. Qeydiyyata alınmış 431 Azərbaycan vətəndaşından 275-i (63,8%) kişi, 156-sı (36,2%) qadındır. Aşkarlananlar arasında 50 yaşdan yuxarı olanların sayı 50 nəfərdir.
Məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində (2017-ci ilin 1 dekabr tarixinədək) 5549 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 71,4%-i (3962) kişi, 28,6%-i (1587) qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfər olmuşdur. QİÇS mərhələsində olanlar 1452 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 861 nəfərdir.
İİV-lə yaşayan insanlardan 43,8%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 44,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,3% -də yoluxma yolu müəyyən edilməmişdir.
Müsahibimiz həkim-infeksionist Lamiyə İbrahimovanın sözlərinə görə, QİÇS xəstəliyinə yoluxanlara qarşı olduqca həssas davranmaq, onlara psixoloji yardım göstərmək lazımdır:
“Bu cür xəstələr çox həssas olur, həyatdan küsürlər. Onlara həssas yanaşmaq, hansısa məqamda dost olmaq lazımdır. Çünki problemini heç kimə deyə bilməyən həmin şəxs ancaq həkimə etibar edir. Çünki bilir ki, bizə müraciət edənlərin kimliyi anonim saxlanılır. Əsas xəstəliyin profilaktikasıdır. Bu virus ləng viruslara aiddir. Bu isə o deməkdir ki, virusa yoluxmuş insan uzun illər yoluxduğu barədə məlumatsız olur. Yəni bu zaman əlavə simptomlar olmur, müşahidə olunan əlamətlər isə yalnız HİV infeksiyasına aid olan əlamətlər deyil, ümumi simptomlardır”.
Lamiyə xanımın sözlərinə görə, QİÇS xəstəliyinə yoluxanlar arasında gənc xanımların olması olduqca təəssüf doğuran məqamlardandır:
“Bir hadisə heç yadımdan çıxmaz. Bir-neçə il bundan əvvəl yanıma gənc bir qız gəlmişdi. Analizlərdən sonra məlum oldu ki, QİÇS xəstəsidir. Bir xeyli söhbət etdik, müalicəsi üçün müəyyən dərmanlar yazdım. Düz 1 ildən sonra həmin qız yanıma gəldi və mənə dedi ki, gələn həftə toyumdur. Şokda idim. Çünki o, bunun mümkünsüz olduğunu bilirdi. Mən kiminsə övladını bədbəxt eləməsin deyə, az qala yalvarırdım. O isə qisas alırmış kimi dedi: “Məni yoluxdurublar, mən də yoluxduracam. Heç kim məni fikirləşməyib, mən niyə kimisə düşünüm ki? ”
Nə qədər elədim, onu fikrindən döndərə bilmədim. Çıxıb getdi və mən daha o qızı görmədim. Bilirsiz, bu cür insanlar öz xəstəliklərində kimisə günahlandırdıqları üçün qisas hissi ilə yaşayırlar. Ona görə deyirəm ki, QİÇS xəstələri ilə dost kimi davranmalı, onlara daha çox psixoloji təsir göstərmək lazımdır. Sizin sayt vasitəsilə üzümü bütün gənclərə tutub deyirəm: evlənməzdən əvvəl mütləq həkim müayinəsindən keçin. Bunu heç olmasa gələcək körpələriniz üçün edin”.
Yeri gəlmişkən qeyd edək ki, İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 stasionar könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq ücün QHT-lər və əlaqəli beynəlxalq qurumlarla mütəmadi iş aparılır.
Zakirə Zakirqızı