Qida keyfiyyətinin ƏSAS KRİTERİYALARI: Sağlam qidalanma üçün nələrə diqqət etməliyik?

 

“Qida əlçatan olmalı, gigiyenik qaydalara əməl etməklə hazırlanmalı, satılmalı, saxlanılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keyfiyyətli qidaları müəyyən etməyin yolları barədə danışan sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov deyib.

Onun sözlərinə görə, insanlar, ehtiyaclarından asılı olaraq, qidanın keyfiyyətini müxtəlif yollarla müəyyən edir.

“İstehlakçı olaraq alacağımız qidanın qida dəyərinin yüksək, dadlı və yeyib-içmək üçün təhlükəsiz olmağını gözləyirik. Bu qidaları istehsal edib satanlar rəflərdə cəlbedici görünən məhsullara ehtiyac duyurlar. Ona görə də keyfiyyət anlayışı çox genişdir. Bunu həm də subyektiv yanaşma da adlandırmaq olar. Əgər aldığımız qidanın qiyməti uyğundursa, işimizə yarayırsa, tez hazır etmək olursa, onu keyfiyyətli hesab edirik”, – deyə o qeyd edib.

Mütəxəssis əlavə edib ki, keyfiyyəti müəyyən etmək üçün başqa yanaşma da mövcuddur:

“Qəbul etdiyimiz qida yüksək yağ, lif, vitamin, mineral dəyərinə sahibdirsə, yəni, qida dəyəri yüksəkdirsə, deməli keyfiyyətlidir. Əslində, hər iki yanaşma düzgündür. Qida əlçatan olmalı, gigiyenik qaydalara əməl etməklə hazırlanmalı, satılmalı, saxlanılmalıdır. Qida bizə lazım olan bütün maddələrlə zəngin olmalıdır. Qida bizim gündəlik tələblərimizi ödəməlidir. Bütün bu meyarlara cavab verən qidanı keyfiyyətli hesab etmək olar”.

İsmayıl Bakuvi

COP29