Qida zəhərlənmələrinin ƏSAS SƏBƏBLƏRİ: Nələrə diqqət edilməlidir? – Ekspert MƏSLƏHƏTİ

“Qidanın saxlanma şəraiti düzgün tənzimlənmədikdə orada bakteriyalar çoxalır və bu, zəhərlənməyə gətirib çıxarır”.

Bu fikirləri qida zəhərlənmələrinin baş vermə səbəbləri barədə danışan ekspert İsa Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qida zəhərlənmələri, əsasən, üç səbəbdən baş verir:

“Birincisi, fiziki zəhərlənmədir. Fiziki zəhərlənmə hər hansı xarici cismin kontaminasiya-qidaya təmas, ona qarışması nəticəsində və bu şəkildə insanın onu qəbul etməsindən yaranan zəhərlənmədir. Bu, toz, torpaq yaxud hər hansı xarici cisim ola bilər. İkinci, kimyəvi zəhərlənmələrdir. Bir çox iaşə obyektlərində, həmçinin evlərdə kimyəvi təmizləyici vasitələrdən istifadə olunur. Təəssüf ki, bunlar bəzən yaxşı təmizlənmir, durulanmır, yuyulmur. Əgər bunlar qidayla təmas edərsə, daha sonra həmin qida qəbul olunarsa, nəticədə zəhərlənmə baş verməsi mümkündür.

Digər bir zəhərlənmə növü isə mikroorqanizmlər və bakteriyalarla olan zəhərlənmələrdir. Hazırda yay mövsümüdür və temperatur yüksəkdir, mikoorqanizmlər belə münbit şərait tapdıqda çoxalmağa başlayır. Bu da insanlarda müxtəlif zəhərlənmələrə gətirib çıxara bilir. Bunun üçün qidanın saxlanma prinsipi var. Qidanın saxlanma şəraitini onun istilik dərəcəsi, nəmlillik faizi, turşuluq, oksigenlə təması təmin edir. Qidanın saxlanma şəraiti onun xarakterinə uyğun olaraq tənzimlənməlidir. Qidanın saxlanma şəraiti düzgün tənzimlənmədikdə orada bakteriyalar çoxalır və bu, zəhərlənməyə gətirib çıxarır. Məsələn, dondurulmuş halda olan kərə yağı, ət və ət məhsulları var ki, onlar az sonra istifadə olunmayacaqsa, mənfi 20 dərəcədə saxlanılmalıdır. İsti yeməkləri də əgər servis ediləcəksə, onları 75 dərəcədə saxlamaq lazımdır. Sanitar-gigiyenik qaydalar məhsulların saxlanma şəraitində ən önəmli amillərdən biridir. Bu amillərə diqqət yetirdikdə zəhərlənmələrin faizi də munimuma enəcək”.

İsmayıl Bakuvi

COP29