Qidada KORONAVİRUS TƏHLÜKƏSİ: “Bunlardan uzaq durun” – XƏBƏRDARLIQ

Rusiyanın müxtəlif bölgələrində su və qida məhsullarında koronavirus aşkar edilib və ölkənin bütün bölgələrində su və qida məhsullarında koronavirus infeksiyasının mövcudluğuna dair araşdırmalara başlanıb.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda da belə halların ola biləcəyini istisna etməyib.

Ekspert əhalini sulardan və eləcə də qida məhsullarından istifadə edərkən diqqətli olmağa səsləyib.

“Son altı ayda dünyada koronavirusa yoluxma ilə bağlı saysız-hesabsız təzadlı informasiyalar yayılıb. İndi də Rusiyada suda və ərzaq məhsullarında koronavirus aşkarlanıb və tədqiqata başlanılıb. Bizdə də bu hal istisna olunmur. Qeyd edim ki, koronavirus dövründə istehlakçılar qidaya, suya, ərzaqa yeni bir yanaşma sərgiləməlidirlər. Suların istifadəsində isə xüsusilə diqqətli olmalıdırlar. Əhali bilməlidir ki, suyu haradan, necə gəldi götürüb istifadə etmək olmaz. Suyu mümkün qədər müəyyən temperaturdan keçirdikdən sonra istehlak etmək lazımdır. Suyu iki-üç dəfə qaynatdıqdan sonra istifadə etmək çox təhlükəlidir. İnsan orqanizmi üçün çox zərərlidir. Daha çox qablaşdırılmış sulara üstünlük vermək lazımdır. Bütün hallarda sudan ehtiyatla istifadə etmək lazımdır, çünki, virusa yoluxma təhlükəsi yarana bilər.
Suyun təmizləmə məntəqələrində oldum, məlum oldu ki, burada mümkün qədər müasir üsullardan istifadə edərək, suyun təmizlənməsi həyata keçirilir. Lakin bizə suyun çirkli, gilli, qumlu gəlməsi barədə də şikayətlər daxil olur. Bunun da səbəbləri var. Çünki su infrastrukturu həddən artıq köhnəlib və tez-tez boruların partlaması zamanı belə hallara rast gəlinir. Bu da müvəqqəti xarakter daşıyır. Su filtirlərinin satışı ilə məşğul olan insanlar da çox vaxt əhalini aldadır. Guya suyu təmizləyirlər, əslində isə bu, onların biznesləridir. Azərbaycanda mənzillərə verilən sular mümkün qədər təmizlənmiş sulardır. Ümumiyyətlə, suların müəyyən emaldan keçirilməsi məsləhət görülür”.

“Ərzaq malları vasitəsi ilə də yoluxma riski mümkündür”, – deyən ekspert əhalini diqqətli olmağa səsləyib: “Açıq satılan ət və ət məhsullarından uzaq olmaq lazımdır. Belə məhsulları alıb istifadə etmək insan sağlamlığı üçün təhlükəlidir”.

Cəvahir

 

COP29